Menu

Ermənistan parlamentində qalmaqal – Spiker müxalifətçi deputatı zaldan qovdu (VİDEOLAR)

24.05.2023, 17:13
Ermənistan parlamentində qalmaqal – Spiker müxalifətçi deputatı zaldan qovdu (VİDEOLAR)

Ermənistan parlamentinin bu gün keçirilən iclasında deputatlar arasında gərginlik yaranıb.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, iclasda Kassasiya Məhkəməsinə hakimlərin seçilməsi müzakirə olunurdu. Keçmiş prezident Robert Koçaryanın “Hayastan” fraksiyasından deputat Artur Sarkisyan hakimliyə namizəd Armen Danielyanı onun hüququnu pozmaqda ittiham edib.

Deputat iddia edib ki, o 2021-ci ilin 15 noyabrında həbs edilərkən danışmasına imkan verilməyib: “Siz bu gün bu tribunada dayanıb fəxrlə deyirsiniz ki, bütün qərarlarınızı qanun çərçivəsində qəbul etmisiniz. Deməliyəm ki, siz qanunsuz qərarlar qəbul etmisiniz. Buna sübut mənim həbsim barədə qanunsuz qərarınızdır. Mən çox düşünmüşəm ki, siz mənə niyə o vaxt danışmaq imkanı verməmisiniz, çünki mənim gözlərimin içinə baxıb məni həbs etməyə kişiliyiniz çatmayıb”.

Çıxışın bu məqamında parlamentin spikeri Alen Simonyan deputatı “ədəbli” olmağa dəvət edib və deyib ki, “kişilik standartları Milli Məclisdə müəyyən edilmir”.

Artur Sarkisyan çıxışın sonunda hakimliyə namizədə üz tutub: “Mənim gözümün içinə bax və mən çıxıb gedim”.

Onun bu sözlərindən sonra deputatlar arasında çəkişmə başlanıb. Spiker mühafizəyə Sarkisyanın zaldan çıxarılması üçün göstəriş verib. Artur Sarkisyan 2016-cı ildə vəzifə saxtakarlığında və səlahiyyətlərini aşmaqda ittiham olunurdu.

Artur Sarkisyan 2021-ci ilin növbədənkənar parlament seçkisi zamanı, hələ mandatını almazdan əvvəl həbs olunmuşdu. Bundan sonra o deputat toxunulmazlığı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol