İLHAM ƏLİYEV ƏRDOĞANI TƏBRİK EDƏN İLK LİDER OLDU - Onu Azərbaycana səfərə dəvət etdi + VİDEO (Yenilənib)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdi.

Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.

Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır.

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm.

Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.

Bu zəfər sevincinizi Sizinlə bölüşərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

"AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.  Prezident İlham Əliyev Ərdoğanı ilk təbrik edən lider oldu. Azərbaycan Prezidenti Türkiyə liderini nəticələr açıqlanmadan təbrik edib.

Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

AZƏRTAC xəbər verir ki,Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul edilib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-05-28 22:59:31

Gözün aydın Türkiyem. Bu zafer tekce Türkiyenin yok, Azerbaycanın, Türk dünyasının, tüm islam aleminin ve dostlarımızın zaferi oldu. Sizde olan seçimlere katkımız dışında olsak da, amma bir millet olduğumuz için Azerbaycandan bu seçime bütün kompaniya sürecinde kayıtsız kalamadık. Kimimiz dualarımızla, kimimiz de çok böyük hakaretlere meruz kalmamıza reğmen sosial şebekelerdeki paylaşmalarımızla bu seçimde dolayısı ile iştirak etdik. Pişman da deyilik. Helalı xoşunuz olsun. Bir daha gözümüz aydın olsun. Kazamız da mübarek olsun.

Son yazılar