ƏRDOĞANIN GÖZLƏNİLƏN “GÖZLƏNİLMƏZ QƏLƏBƏSİ”... – Qalib bəlli, istiqamət bəlli

Bir çox müşahidəçilər xüsusilə də Sinan Oğanın məlum qərarından sonra Rəcəb Tayyib Ərdoğanın prezident seçkisinin ikinci turunda asanlıqla qələbə çalacağını və namizədlər arasında səs fərqinin daha böyük olacağını proqnozlaşdırırdılar. Ancaq açıqlanan nəticələr bir daha göstərdi ki, siyasət quru riyazi rəqəmlərə, hesablamalara, proqnozlara tabe olan elm deyil.

Ancaq istənilən halda ümumilikdə seçkinin birinci turundan öncə üstünlük təşkil edən proqnozların əksinə olaraq, Ərdoğan layiqli qələbə qazandı və düyan çapında müasir siyasət aləminin fenomeni olduğunu isbatladı.

Çoxları bu qələbəni hakimiyyətin inzibati resurslarını işə salması, qarşı tərəfin uğursuz namizəd seçimi və s. ilə izah etsələr də, əslində, Ərdoğanı qalib edən başlıca amil Türkiyə xalqının iradəsi və kritik məqamlarda “özünüqoruma instinkti”ni işə salması oldu. 

Məsələ ondadır ki, Türkiyə seçicisinin böyük hissəsinin və belə demək mümkündürsə, “dərin xalqı”nın nəzərində Ərdoğanla qarşı-qarşıya duran qüvvə daha çox 2016-cı ildəki uğursuz çevriliş cəhdini bu dəfə dinc, siyasi, sivil yolla həyata keçirmək istəyən siyasi obraz kimi çıxış etdi. 

Xalq isə təhlükə kimi baxdığı və şübhə ilə yanaşdığı bu qüvvəni hakimiyyətdə görmək istəmdi. Bir-birilə antaqonist ziddiyət təşkil edən ideologiyalara qulluq etmiş siyasətçiləri özündə birləşdirən “siyasi vineqred” xarakterli bu “altılı masa”da türkiyəlilərin böyük əksəriyyətinin gerçək niyyətinə şübhə ilə yanaşdığı adlar vardı. 

Xalqın böyük əksəriyyəti, o cümlədən də ideoloji baxımdan iliyinə qədər CHP-li olanların özləri də CHP sədrinə səs versələr belə, masada olanların bəzilərini qətiyyən Türkiyənin idarəçiliyində görmək istəmirdilər. Ona görə bir çox müşahidəçilər müxalifətin bu birlik formatının və Kemal Kılıçdaroğlunun simasındakı namizəd seçiminin əvvəlcədən məğlubiyyəti “qarantilədiyini” bildirirdilər və bu proqnozlar da özünü doğrultdu...

Ərdoğanın əleyhinə işləyən amillərə gəlincə, bunlar ümumilikdə dünyanın yaşadığı siyasi, iqtisadi, hüquqi, hərbi, mənəvi, hətta təbii böhranın fonunda Türkiyənin qarşılaşdığı çətinliklər və problemlər, eləcə də onun 20 ildən artıq müddətdə hakimiyyətdə qalması nəticəsində əhalinin bir hissəsində təbii olaraq formalaşan “bezmişlik sindromu” oldu. Belə ki, insanların mövcud problemlərin mahiyyəti və səbəblərinə varmadan yenilik, dəyişiklik istəməsi təbiidir. Ancaq təəssüf ki, çox zaman bu cür dəyişikliklər bir ölkənin, xalqın, eləcə də onu “haralardan haraya gətirmiş” liderlərin taleyi üçün acınacaqlı olur. Misal olaraq, digər qonşumuz Gürcüstanda öz xalqı, dövləti qarşısında misilsiz xidmətləri olmuş, onu əsl mənada dövlətə çevirmiş islahatçı Mixeil Saakaşvilinin üzləşdiyi aqibəti göstərmək olar. 

Ərdoğanın da, bəzilərinin onu qatı mühafizəkar kimi qələmə verməsinə baxmayaraq, məhz özünəməxsus islahatlar hesabına Türkiyəni bu günkü lider dövlətlər sırasına çıxardığı danılmazdır. Ancaq Türkiyə xalqının iradəsi və kifayət qədər böyük siyasi tarixi təcrübəsi olan cəmiyyətinin daxili gücü “bezmişlik sindromu”nun dövlətçilik maraqlarına qalib gəlməsinə imkan vermədi...

Eyni zamanda, bu seçkinin ən böyük qalibi şəksiz olaraq, qələbəyə layiq olan Ərdoğanla birgə, Türkiyə demokratiyası, seçki və siyasi mədəniyyəti oldu. Bu, özünü təkcə seçki qutusu ətrafında baş verənlərdə yox, həm də onda göstərdi ki, son ana qədər, türklər demiş, “kıran-kırana” mübarizəyə baxmayaraq, seçki bitəndən sonra hər hansı vətəndaş qarşıdurması yaşanmadı. Məğlub tərəf sonda pis-yaxşı siyasi mədəniyyət və nəzakət nümayiş etdirdi. 

İlk olaraq, Meral Akşener məğlubiyyəti etiraf və Ərdoğanı təbrik etdi. Sonra digərləri də bunu təkrarladı. Bu, vətəndaş qarşıdurması və Türkiyə üzərində hansısa çirkin ssenarilər qurulması ehtimalını minimuma endirdi. Ümumilikdə isə təsadüfi deyil ki, məhz Akşener bir çox türkiyəlinin gözündə qadın olmasına baxmayaraq, bəlkə də qarşı cəbhədəki “ən kişi adam” hesab edilir...

Bu seçkinin nəticəsinin bizə olan təsirinə gəlincə, bunu həm də Azərbaycanın qələbəsi hesab edənlər çoxdur və onlar böyük ölçüdə haqlıdırlar. Ancaq bu qələbəyə sevinməklə bərabər, buna sadəcə, kənardan “Qalatasaray”-“Fənarbağça” derbisi kimi baxıb, köksümüzü ötürmək yox, Türkiyədəki seçki institutlarından, seçki prosesindən, seçki və siyasi mədəniyyətindən nümunə götürmək və nə zamansa eyni mühiti, həyəcanı bizim məmləkətdə də yaşamaq üçün çalışmaq, hər cəhətdən inkişaf etmək lazımdır.

Bəs bundan sonra nə baş verəcək, Türkiyənin istiqaməti haradır?

Bu suala bəlkə də ən dolğun cavabı Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış ekspert Aleksey Arestoviç verib. O, “Ərdoğan bundan sonra Moskvaya doğru, yoxsa digər mərkəzlərə istiqamət götürəcək” sualına cavab olaraq deyib: “Ərdoğan yalnız Ərdoğana və Türkiyəyə doğru istiqamət götürəcək...”

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar