Rusiya Daxili İşlər Nazirliyi(DİN) ABŞ senatoru Lindsi Qremi rəsmən axtarışa verib.
“AzPolitika.info” xəbər verir ki, Rusiya DİN L.Qremi “rusofob açıqlamalar verməkdə” günahlandırıb.
Belə ki, senatorun mayın 26-da Kiyevdə səfərdə olarkən Prezident Volodimir Zelenski ilə görüşdə ABŞ-ın Ukraynaya maliyyə yardımı barədə danışarkən, rusiyalıların ölümündə maraqlı olduğuna dair açıqlama verdiyi bildirilir.
Rusiya mətbuatının yazdığına görə, L.Qrem deyib: “Ruslar ölür. ABŞ heç vaxt belə uğurla pul xərcləməyib”.
Kreml bu ifadənin cinayət tərkibi daşıdığı fikrindədir.
Lakin senator Qrem onun fikirlərinin təhrif olunduğunu bildirib. O, deyib ki, bu fikirlər onun nitqinin ayrı-ayrı hissələrindən götürülərək, birləşdirilib. Qrem Zelenskiyə ukraynalıların amerikalılara aid “ya azad yaşa, ya da öl” prinsipinə uyğun davrandığını söylədiyini, ardınca isə Amerikanın ayırdığı 38 milyard dolları nəzərdə tutaraq, “Bu, Ukraynanın rusiyalı işğalçılardan azad edilməsi üçün ABŞ-ın yaxşı investisiyası olub”, - dediyini bildirib.
“AzPolitika.info”


Şərhlər