PRİQOJİNİN ƏTRAFINDA HƏLQƏ DARALIR... - Oğluna qarşı “kompramat”, çeçenlərin hədə-qorxusu...

Belə görünür ki, “Vaqner” başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinə və ölkənin siyasi rəhbərliyinə qarşı tənqid və təhdidləri ilə çox dərinə gedib. Bir çox müşahidəçilər hesab edirlər ki, son günlər Priqojinə qarşı başlanan total media hücumu, “kompramat” savaşı və çeçen komandirlərin bəyanatları “Vaqner” başçısı üçün ağır dövrün başlandığından, onunla bağlı Kremldə hansısa neqativ qərar çıxarıldığından xəbər verir.

Məsələ ondadır ki, başa çatmaq üzrə olan həftə ərzində Priqojinə qarşı bir neçə “hücum əməliyyatı” həyata keçirilib. Bunların arasında ən “ağır çəkililəri” Çeçenistan rəhbərliyində təmsil olunan şəxslərin Priqojini kəskin tənqid etməsi, onu “söhbətə çağırması” və onun oğlu Pavel Priqojinə qarşı “kompramat”ın dərc edilməsidir. Bu sıraya Donbas separatçılarının sabiq lideri və “dnr”-in sabiq “müdafiə naziri” İqor Strelkovun(Qirkin) Priqojinin siyasi ambisiyaları və planları barədə tənqidi çıxışlarını da əlavə etmək olar.

Xatırladaq ki, ötən gün Çeçenistan rəhbəri Ramzan Kadırovun ən yaxın adamlarından biri, Çeçenistanın Rusiya Dövlət Dumasındakı deputatı Adam Delimxanov öz videomüraciətində Priqojini təhdid edib. 


O, Priqojini Baxmutda çoxlu sayda rusiyalını gudaza verməkdə, ordu rəhbərliyindən tez-tez gileylənməkdə, özünü bloger kimi aparmaqda günahlandırıb və onu “üz-üzə söhbətə” çağırıb: Sən bloger olmusan, bütün dünyaya çığırırsan, anqırırsan ki, problemləriniz var… Bəsdir danışdın, qışqırdın, anqırdın. Görüşəcəyimiz yeri de. Üz-üzə görüşək və istənilən məsələni həll edək”.

Onun ardınca Çeçenistan parlamentinin sədri Maqomed Daudov və “Axmat” xüsusi təyinatlı hərbi birləşməsinin başçısı Apti Alaudinov da eyni məzmunlu tənqid və hədə-qorxularla çıxış ediblər. Maqomed Daudov Priqojinə videomüraciətində deyib ki, “Vaqner” başçısı bu cür davam etsə, hər şey onun üçün pis qurtara bilər.

Priqojin isə onunla “görüşüb, söhbət etmək” istəyən çeçenlərə cavabında bildirib ki, onun telefon nömrəsi onların hər birində var və istənilən vaxt özləri ona zəng edə, görüşə bilərlər. Eləcə də “Vaqner”-in ilkin yaradıcısı sayılan və çox nadir hallarda mətbuata çıxan “Vaqner” ləqəbli xüsusi təyinatlı zabit Dmitri Utkin də çeçen komandirlərə cavab verib. O, Daudovla “kişi kimi söhbət etməyə” hazır olduğunu deyib və bildirib ki, çeçen komandirlər onu birinci və ikincı Çeçenistan müharibələrindən yaxşı tanıyırlar.

Çeçen komandirlərin “Vaqner”-ə qarşı bu “demarşı” daha çox Priqojinin “”Axmat”-ın nə ilə məşğul olduğunu anlamıram” fikri və çeçen hərbi birləşmələrinin Donbası azad etməkdə aciz olduqları barədə dediklərilə əlaqələndirilir. Lakin əksər müşahidəçilər Priqojinin bu fikirlərinin sadəcə, bəhanə kimi istifadə edildiyi və çeçenlərə “Vaqner”-ə qarşı hücum əmrinin Kremldən verildiyi qənaətindədirlər.

Eynilə Priqojinin oğluna qarşı “kompramat” ssenarisinin də Kremldən idarə olunduğu ehtimal edilir. Belə ki, iki gün əvvəl Pavel Priqojinin 2022-ci ilin yayında Rusiyanın Kareliya vilayətində dostları ilə birgə ov istirahətinə dair videogörüntülər və fotolar yayımlanıb. Özünü vətənpərvər və “xalqa canı yanan” kimi qələmə verən Priqojinin oğlunun müharibənin qaynar vaxtında cəbhədə yox, haradasa istirahətdə olması, ova getməsi “Vaqner” başçısına qarşı“kompramat” kimi istifadə olunur.

Priqojinə qarşı açılan cəbhənin ən fəal üzvlərindən olan İqor Strelkov isə “Vaqner” başçısını “qarson-residivist” adlandırıb və deyib ki, Kremldəki bəzi qüvvələr onu “qulağından tutub hakimiyyətə dartırlar”. Strelkov konkret ad da çəkib və deyib ki, Priqojinin “krışası” Rusiya Prezident administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkodur. Rusiyanın hakimiyyətdaxili intriqalarından xəbərdar olan mənbələr isə Kiriyenkonun Rusiyanın ən varlı adamlarından olan Kovalçuk qardaşlarının adamı olduğunu yazırlar. 

Eyni mənbələr Priqojinin digər nüfuzlu havdarının Tula qubernatoru Aleksey Dyumin olduğunu bildirirlər. Belə çıxır ki, bu adamların birləşdiyi hakimiyətdaxili qruplaşma nazir Sergey Şoyqu və Müdafiə Nazirliyi rəhbərliyindəki generallarla intriqadadır.

Priqojinə qarşı hücumların artması, çeçen komandirlərin bəyanatları və Priqojinin oğluna dair “kompramatlar” onu deməyə əsas verir ki, Kremldəkilər “Vaqner” başçısını cəzalandırmaq qərarına gəliblər. Çünki nə Kadırov və onun əlaltıları, nə də “kompramat” sahibi olan Rusiya xüsusi xidmət orqanı Kremlin göstərişi olmadan kiməsə qarşı bu cür total hücuma keçməzdilər.

Bəs bütün bunlar Priqojinin “qələminin qırılmasından” xəbər verirmi? Bunu yaxın tarix göstərəcək və Rusiyadakı bir çox önəmli fiqurlar kimi, “Vaqner” başçısının da taleyi böyük ölçüdə Ukrayna əks-hücumunun nəticəsindən asılı olacaq...

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar