Əfqanıstanın şimalındakı ibtidai məktəblərə törədilən iki ayrı hücum nəticəsində 80-ə yaxın qız zəhərlənib və xəstəxanaya yerləşdirilib.
“AzPolitika.info” xəbər verir ki, bu hadisə ilə bağlı “Associated Press” məlumat yayıb. Əfqanıstan Təhsil Nazirliyinin rəsmisi deyib ki, zəhərlənməni təşkil edən şəxs bu əməli şəxsi düşmənçilik zəminində törədib. Ancaq bu barədə ətraflı məlumat verməyib. Hücumlar şənbə və bazar günləri Sar-e-Pul əyalətində baş verib.
Əyalət təhsil departamentinin rəhbəri Məhəmməd Rəhmani bildirib ki, hadisəylə bağlı istintaq davam edir və ilkin araşdırmalar göstərir ki, şəxsi düşmənçiliyi olan şəxs hücumları həyata keçirmək üçün üçüncü tərəfə pul ödəyib. O, qızların necə zəhərləndiyi və xəsarətləri ilə bağlı heç bir məlumat verməyib. Rəhmani zəhərlənənlərin 1-6-cı sinif şagirdləri olduğunu deyib.
Qeyd edək ki, qonşu İranda da keçən ilin noyabr ayından başlayaraq, əsasən qız məktəblərində zəhərlənmə dalğası başlamışdı. Minlərlə tələbə bu hadisələrdə zərərli tüstülərdən xəstələndiklərini söyləyiblər. Lakin bu hadisələrin arxasında kimin ola biləcəyi və hansı kimyəvi maddələrdən istifadə edildiyi barədə heç bir məlumat verilmir.
AzPolitika.info


Şərhlər