Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir.
Belə ki, iyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb: daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb.
Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin prioritetlərindəndir. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda da ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı mühüm vəzifə kimi qarşıya qoyulub. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Xatırladaq ki, bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib.
TƏBİB-dən bildirilib ki, ümumi sahəsi 299.50 m2 olan mərkəz 1-i 5 çarpayılı stasionar olmaqla, ümumilikdə 15 otaqdan ibarətdir.

Mərkəzdə həkim otağı, tibb bacısı otağı, prosedur-sarğı otağı, peyvənd və körpə/uşaq izləmə otağı, körpə baxımı və ana südü ilə qidalanma otağı, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq otağı, 5 çarpayılı gündüz stasionar otağı, yuma sterilizasiya otağı, laboratoriya xidmətləri otağı, təsərrüfat otağı və mətbəx mövcuddur. Bu otaqların hər biri texniki standartlara uyğun olaraq instrumental və laborator diaqnostik avadanlıqlarla, o cümlədən ultrasəs müayinə cihazı, portativ rentgen, elektrokardioqraf, əməliyyat masası, ginekoloji müayinə masası və sair cihaz və avadanlıqlarla təchiz edilib.
Burada ilkin cərrahi müdaxilələr üçün cərrah, travmatoloq, ailə həkimi-pediatr, ailə həkimi-terapevt, həkim-mama ginekoloq, mama, tibb bacısı, laborant olmaqla tibbi heyətin fəaliyyət göstərməsi, eyni zamanda zərurət olarsa, səyyar tibb xidmətlərin təşkili nəzərdə tutulub.
24/7 tibbi xidmətin təmin edilməsi məqsədilə TƏBİB tərəfindən 2 ədəd tam təchizatlı təcili tibbi yardım avtomobili Laçın Rayon Mərkəzi Xəstəxanasına təhkim olunub.
Bu il mayın 28-dən iyunun 2-dək Laçın Ailə Sağlamlıq Mərkəzində 53 müraciət əsasında tibbi xidmət göstərilib.
Laçın Ailə Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzurun inkişafına təkan verən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq yaradılıb. Dövlət Proqramında qeyd edilən tapşırığın icrası məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ilin 18 may 2023-cü il tarixindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonu ərazisində TƏBİB-in tabeliyində olan Laçın Rayon Mərkəzi Xəstəxanasının strukturunda Laçın Ailə Sağlamlıq Mərkəzinin qurulması üzrə işlərə start verilib.

Şərhlər