"Qarabağ məsələsinin yenidən müxtəlif masalarda müzakirəsi və real nəticənin əldə olunmaması 90-cı illəri xatırladır".

"AzPolitika.info" xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

"Dünən Lissabon, Madrid, bu gün Brüssel, Moskva... Əlbəttə, Azərbaycanın siyasi, hərbi, iqtisadi üstünlüyü 90-cı illərdən fərqli olaraq çox yüksəkdir və maraqlarımızı hər masada yeridirik, amma danışıqlarda iştirak edənlər - Rusiya, Avropa İttifaqı, ABŞ, birmənalı şəkildə Azərbaycanın maraqlarına zidd getməsələr də, yenə də hansısa şərtlər irəli sürür, ermənilər üçün “xətir xəstəsi” olub birmənalı şəkildə suveren hüquqlarımızı müdafiə etmirlər. Ona görə də Qarabağda hələ də separatçı rejim varlığını qoruya bilir", - o əlavə edib.

İ.İsmayıl xatırladır ki, Azərbaycan xalqı bir dəfə bu prosesi yaşayıb: "26 il “sammitlər”, “prinsiplər” burulğanında Azərbaycan torpaqları da işğal altında qaldı, yalnız Azərbaycan əsgərinin gücü ilə ərazimizin böyük bir hissəsi azad edildi. Qarşıdakı Vaşinqton, Brüssel, Qranada danışıqlarının və yəqin ki, hər Avropa masasından sonra hələ müəyyənləşməmiş Moskva, Soçi görüşlərinin də iki il yeddi ay müddətində aparılan nəticəsiz müzakirələrin davamı olacağına az şübhə var. Minlərlə erməni silahlı qüvvəsi Azərbaycan ərazisində silahlarını bizə qarşı tuşlayıblar, separatçı liderlər ikinci erməni dövləti qurmaq iddialarında qalırlar, Ermənistan rəhbərliyi sülh müqaviləsini imzalamamaq üçün ənənəvi manevrlərini, tərəddüdlərini davam etdirir, Rusiyanın hədəfi isə ən azı 2030-cu ilədək Qarabağda qalmaqdır və bu məqsədlə Azərbaycanın maraqlarının reallaşmasına imkan vermirlər".

Ekspert hesab edir ki, ik il yeddi aydır davam edən bu yarıdonmuş vəziyyəti dəyişmək üçün Azərbaycan tələblərini tərəflər qarşısında sərtləşdirməlidir. Onun sözlərinə görə, ən çox işlədilən “Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik” məsələsinin hansı prinsiplərdən ibarət olacağını və Azərbaycan Konstitusiyasına zidd olacaq heç bir güzəştə getməyəcəyini, vətəndaşlığı qəbul edib birgəyaşayış prinsiplərinə əməl edəcək Qarabağ erməniləri ilə bağlı humanitar layihələr həyata keçirəcəyini, təhsil sistemində yalnız Azərbaycanın müəyyən etdiyi dərsliklərdən istifadə olunacağını, millətlərarası münasibəti gərginləşdirən bütün elementlərin ləğv olunacağını (terrorçulara qoyulan heykəllər də daxil olmaqla) və s. məsələləri elan edib, hərəkətə keçməliyik.

Təhlilçi vurğulayıb ki, ilk hərəkətimiz diplomatik addımlarla müəyyənləşməli, reaksiya müsbət olmadıqda vaxt verib xəbərdarlıq edilməli, qeyd olunan diplomatik imkanlar tükənmiş olduqda genişmiqyaslı hərbi əməliyyatlara başlanmalıdır.

"Biz tarixdən dərs çıxarmalı, münaqişənin indiki vəziyyətində dondurulması siyasətini rədd etməliyik. Siyasətdə, savaşda nikbinlik o vaxt müsbət dəyər qazanır ki, eyforiyaya qapılmayasan, qələbənin son nöqtəsini qoyanadək realist olasan",- o qeyd edib.

"AzPolitika.info"