Son illər “uğur qazanmaq üçün mütləq diplom lazımdır” düşüncəsi əvvəlki qədər birmənalı qarşılanmır. Xüsusilə sosial media, rəqəmsal peşələr və şəxsi biznes nümunələri bir çox gəncdə ali təhsilin karyera üçün vacibliyi ilə bağlı fərqli fikirlər formalaşdırır. Bəzi insanlar təcrübə və bacarığın diplomdan daha önəmli olduğunu düşünür.
Gənclər niyə ənənəvi peşələrdən uzaqlaşır? Müasir dövrdə diplom həqiqətən əvvəlki gücünü itirirmi?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, doğrusu, diplom və sertifikatlar dünyanın hər yerində ali təhsil almaqla bağlı, hər hansı ixtisasa sahiblənməklə bağlı dövlət tərəfindən verilən hüquqi bir sənəddir. Onun hüquqi konseptdən dəyərləndirilməsi sözsüz ki, təbii prosesdir.

Onun sözlərinə görə, problemin kökü isə diploma olan yanaşmadadadır: “Diplom uzun müddət bizim üçün sırf psixoloji bir faktor olaraq xüsusi rola malik olub; o ətrafdakı ictimai rəqabətlilik zamanı üstünlük göstəricisi, gələcəkdə hər hansı işdə işləmək üçün lazımı detal rolunu oynayıb. Lakin onun yalnız bir missiyası var - ixtisasla bağlı kadr səviyyəli biri olduğunun göstəricisi.... Amma beynəlxalq yanaşmalar, dünyanın çağdaş düşüncə parametrlərləri dəyişir. Artıq kadrın bilik və bacarıqları, üstünlük göstəriciləri onun bu işə bələdliyini təsdiqləyən hüquqi sənəddən daha çox işə yarayır. İstehsalat dünyası praktiki bacarıqları hüquqi sənəddən ön plana keçirir. Çünki ona lazım olan detal kadrın müəssisənin işinə nə dərəcədə faydalı olub-olmamasıdır. Digər detallar isə bir sahibkar kimi onu qəti maraqlandırmır. Düşünürəm ki, bu müəyyən hallarda doğru yanaşamdır.
Ekspert qeyd edib ki, ümumiyyətlə, bəzi sahələrdə gələcəkdə hər hansı diplom və ya sertifikata ehtiyac belə qalmayacaq:“Bu daha çox ictimai, iqtisadi profilli ixtisaslara aiddir. Amma elə ixtisaslar da var ki, onların bu asılılığı heç zaman aradan qalxmayacaq. Məsələn, tibb profilli ixtisaslar. Kimsə hansısa sahədə universiteti yarımçıq buraxıb sonradan böyük uğur qazana bilər. Məsələn, Mark Zukerberq, Bill Qeyts nümunəsi kimi... Amma heç kimsə, tibb təhsilini yarım qoyub sonradan yaxşı həkim ola bilməz. Odur ki, diplom önəmliliyi peşələrə görə dəyişən faktordur. Diplom yalnız bir qrup peşəyə görə öz gücünü itirə bilər. Digər qrupa görə isə əksinə, öz etibarlılığını daha da ciddiləşdirə bilər. Tibb və mühəndislik yönümlü profillərə bunu tam aid edə bilərik”.
Oğuz Ayvaz
“AzPolitika.info"

Şərhlər