“Hesab edirəm ki, bu məbləğ 440-460 manat aralığına yüksələ bilər”

Artıq iki ilə yaxındır ki, Azərbaycanda minimum aylıq əmək haqqı artırılmır. Belə ki, sonuncu dəfə 2025-ci il yanvarın 1-dən minimum əmək haqqı 400 manata çatdırılıb və həmin vaxtdan bu məbləğdə hər hansı dəyişiklik edilməyib. Bu müddətdə minimum əmək haqqının yenidən artırılması ilə bağlı gözləntilər artsa da, hələlik rəsmi qərar verilməyib.

Ümumilikdə isə Azərbaycanda minimum əmək haqqında son illər müəyyən artımlar müşahidə edilir. Məsələn, 2022-ci ildə minimum əmək haqqı məbləği 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü il yanvarın 1-dən isə 15 faiz artılaraq 300 manatdan 345 manata çatdırılıb. 2024-cü ildə isə minimum əmək haqqı məbləği artmayıb və 345 manat olaraq qalıb. Qeyd edildiyi kimi, 2025-ci ildən bu məbləğ 55 manat artıb və 400 manat olaraq müəyyənləşdirilib.

Hazırda ölkədə minimum əmək haqqı məbləği 400 manatdır və bu çalışan 700 min vətəndaşı əhatə edir. Bunun da 400 mini dövlət, 300 mini isə özəl sektorda çalışır.

Digər tərəfdən, bu il Əmək Məcəlləsinə edilmiş dəyişikliyə görə, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılmalıdır.

Qeyd edək ki, 2025-ci ildə orta illik inflyasiya 5.6% olub. Bundan başqa, 2025-ci ildə cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya 5.2%, o cümlədən, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, qeyri-qida məhsulları üzrə 2.5%, ödənişli xidmətlər üzrə isə 5.7% təşkil edib.

Bu barədə iqtisadçı Xalid Kərimli də “AzPolitika”ya şərhində bildirib ki, bu il qəbul edilən qanun 2026-cı ildə qüvvədədir və minimum əmək haqqına hər il baxılmasını nəzərdə tutur.

Onun sözlərinə görə, qanunda minimum əmək haqqının mütləq artırılması ilə bağlı tələb yoxdur: “Yəni ildə bir dəfə məbləğə baxılmalıdır, lakin bu baxışın nəticəsində minimum əmək haqqı artırıla, əvvəlki səviyyədə saxlanıla, hətta nəzəri baxımdan azaldıla da bilər. Hazırda ölkədə inflyasiya, xüsusilə də ərzaq inflyasiyası yüksəkdir. Yaşayış minimumunun artırılması fonunda gözlənti minimum əmək haqqının da artırılmasıdır. Bu məsələ ilə bağlı qərar 2026-cı ildə veriləcək, lakin artımın qüvvəyə minməsi 2027-ci ilin yanvarından etibarən baş tutacaq”.

İqtisadçının fikrincə, minimum əmək haqqının artırılması dövlət büdcəsinə birbaşa təsir göstərdiyi üçün bu məsələ büdcə müzakirələri zamanı nəzərdən keçiriləcək. Çünki minimum əməkhaqqı artdıqda dövlət büdcəsindən maliyyələşən qurum və müəssisələrdə əməkhaqqı xərcləri də artır.

Xalid Kərimli minimum əmək haqqının təxminən 10-15 faiz artırılacağını gözlədiyini bildirib: “Hesab edirəm ki, hazırda 400 manat olan minimum əmək haqqı 440-460 manat aralığına yüksələ bilər. Bu artım son iki ildə formalaşmış təxminən 6 faizlik inflyasiyanın qismən kompensasiyasını da nəzərə ala bilər. Yaşayış minimumunun artırılması da bu gözləntini gücləndirən amillərdəndir”.

Xalid Kərimlinin sözlərinə görə, minimum əmək haqqını kəskin şəkildə artırmaq mümkün deyil, çünki iqtisadiyyat buna tam hazır deyil. O bildirib ki, maaşlar aşağı olsa da, iqtisadi vəziyyət yüksək əmək haqqı artımlarını məcburi qaydada təmin etməyə imkan vermir. Buna görə də hökumətin minimum əmək haqqını mərhələli şəkildə artırması daha məqsədəuyğun yanaşmadır və illik baxış mexanizmi də məhz buna xidmət edir.

Maraq üçün qeyd edək ki, Azərbaycanda minimum aylıq əmək haqqı regionun və Avropanın bir sıra ölkələri ilə müqayisədə aşağı səviyyədə qalır. Müxtəlif ölkələrdə minimum əmək haqqının təxminən manat ekvivalenti belədir:

- Lüksemburq –5 408 manat;

- İrlandiya –4 782 manat;

- Almaniya – 4 686 manat;

- Hollandiya –4 590 manat;

- Belçika –4 224 manat;

- Fransa – 3 646 manat;

- Sloveniya – 2 530 manat;

- İspaniya – 2 762 manat;

- Polşa – 2 332 manat;

- Litva – 2 076 manat;

- Portuqaliya – 2 040 manat;

- Xorvatiya – 1 940 manat;

- Yunanıstan – 1 936 manat;

- Kipr – 2 000 manat;

- Çexiya – 1 848 manat;

- Macarıstan – 1 676 manat;

- Rumıniya – 1 590 manat;

- Türkiyə – 1 308 manat;

- Albaniya – 1 034 manat;

- Moldova – 638 manat;

- Rusiya –575 manat;

- Ukrayna – 346 manat;

- Ermənistan – 318 manat;

Elvin Bəyməmmədli

“AzPolitika.info”