Azərbaycan üzrə təqdim olunan ölüm statistikasına nəzər saldıqda aydın olur ki, ölkədə ölüm hallarının böyük hissəsinin arxasında yoluxucu xəstəliklər deyil, uzunmüddətli həyat tərzi, yaşlanma, ürək-damar sistemi və xərçənglə bağlı problemlər dayanır.
"AzPolitika" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə təqdim etdiyi son statistik məlumatlara istinadla xəbər verir ki, 2019-cu ildə (ÜST-ün təqdim etdiyi son məlumatlar 2019-cu ilə aiddir-red.) Azərbaycanda ümumilikdə 53 575 ölüm hadisəsi qeydə alınıb, ki, həmin ölümlərin 87,3 faizi qeyri-yoluxucu xəstəliklərin payına düşüb. Başqa sözlə, Azərbaycanda ölüm yükünün əsas hissəsini infeksiyalar deyil, ürək-damar xəstəlikləri, xərçəng, diabet və xroniki tənəffüs xəstəlikləri kimi xəstəliklər formalaşdırıb.
Bu mənzərəni daha aydın göstərən başqa bir göstərici də var: 2019-cu ildə Azərbaycanda QYX üzrə yaşa görə standartlaşdırılmış ölüm əmsalı 100 min nəfərə 520 ölüm təşkil edib. 30-70 yaş arasında insanın ürək-damar xəstəliyi, xərçəng, diabet və ya xroniki tənəffüs xəstəliyindən ölmə ehtimalı isə 19 faiz olub. Kişilərdə bu göstərici 25 faiz, qadınlarda isə 14 faizdir.

2019-cu ilin ölüm səbəbləri içərisində böyük fərqlə ilk sırada ürək-damar xəstəlikləri dayanıb. Bu qrup üzrə 27 185 ölüm qeydə alınıb.
İkinci yerdə 11 132 ölümlə xərçəng, üçüncü yerdə 5 934 ölümlə digər qeyri-yoluxucu xəstəliklər qərarlaşıb. Xəsarətlərdən 3 464, yoluxucu, ana və körpə xəstəliklərindən 3 352, şəkərli diabetdən 1 300, xroniki tənəffüs xəstəliklərindən isə 1 209 ölüm hesablanıb.
Statistik olaraq 2019-cu ildə ölən hər 100 nəfərin təxminən:
- 51-i ürək-damar xəstəliklərindən;
- 21-i xərçəngdən;
- 11-i digər qeyri-yoluxucu xəstəliklərdən;
- 7-si xəsarətlərdən;
- 6-sı yoluxucu, ana və körpə xəstəliklərindən;
- 2-si diabetdən;
- 2-si xroniki tənəffüs xəstəliklərindən dünyasını dəyişib.
Yəni sadə dillə desək, 100 ölümün 72-si yalnız ürək-damar xəstəlikləri və xərçəngin payına düşür.

Daha diqqətçəkən fərq isə vaxtından əvvəl ölüm riskindədir. 30 yaşında olan şəxsin 70 yaşına çatmadan əsas qeyri-yoluxucu xəstəliklərdən ölmə ehtimalı kişilər üçün 25 faiz, qadınlar üçün 14 faizdir.
Ürək-damar xəstəliklərinin də kişilər və qadınlar arasında payı fərqlənir. Qadın ölümlərinin 57 faizi, kişi ölümlərinin isə 44,9 faizi ürək-damar xəstəlikləri ilə əlaqəlidir. Əvəzində xərçəngin payı kişilərdə 23,5 faiz, qadınlarda 17,9 faizdir. Xəsarətlərin payı da kişilərdə 9,3 faiz, qadınlarda isə 3,4 faiz təşkil edir.
Ölüm səbəblərinə yaş qrupları üzrə baxdıqda isə daha fərqli mənzərə ortaya çıxır.
15-29 yaş qrupunda əsas ölüm səbəbi yol-nəqliyyat xəsarətləridir – 100 min nəfərə 18 ölüm. COVID-19 üzrə göstərici 9, vərəm və şəxslərarası zorakılıq üzrə isə 4-dür.
30-49 yaş qrupunda COVID-19 100 min nəfərə 69 ölüm göstəricisi ilə ön sıradadır. Ardınca işemik ürək xəstəliyi (19), yol-nəqliyyat xəsarətləri (13), traxeya, bronx və ağciyər xərçəngi (8) və yoğun bağırsaq-düz bağırsaq xərçəngi (8) gəlir.
50-69 yaş qrupunda isə göstəricilər kəskin şəkildə yüksəlir. COVID-19 üzrə əmsal 433, işemik ürək xəstəliyi üzrə 309, insult üzrə 115, ağciyər xərçəngi və diabet üzrə isə 53 təşkil edib.
70 yaşdan yuxarı insanlarda əsas yük artıq ürək-damar xəstəliklərinin üzərinə düşür. İşemik ürək xəstəliyinin göstəricisi 3 218, COVID-19-un 2 577, insultun 1 074, Alzheimer və digər demensiyaların 550 olduğu göstərilir.

Azərbaycanda xərçəng xəstəlikləri də ölüm statistikasında ikinci ən böyük səbəb qrupudur.
IARC-ın 2022-ci il qiymətləndirməsinə əsasən, ölkədə həmin il 18 503 yeni xərçəng halı qeydə alınıb. Onların arasında 2 350 traxeya, bronx və ağciyər, 2 195 süd vəzi, 2 016 mədə, 1 741 yoğun bağırsaq və düz bağırsaq, 967 qida borusu, 669 beyin və sinir sistemi, 665 qaraciyər, 658 sidik kisəsi və 565 prostat xərçəngi təşkil edib.
Ölüm baxımından isə 2019-cu ildə xərçəng ölümlərinin strukturunda traxeya, bronx və ağciyər xərçəngi 16 faizlə ilk sırada olub. Ardınca mədə xərçəngi 12,8 faiz, kolorektal xərçəng 9 faiz, qida borusu xərçəngi 7,8 faiz, süd vəzi xərçəngi isə 7,6 faiz paya malik olub.
ÜST məlumatları 2019-cu ildə dayandığı halda, Dövlət Statistika Komitəsinin rəsmi qeydiyyat məlumatları 2024-cü ilə qədər uzanır.
Belə ki, 2024-cü ildə Azərbaycanda 58 909 ölüm qeydə alınıb. Ümumi ölüm əmsalı 100 min nəfərə 577 olub. Ölənlərin 32 436-sı kişi, 26 473-ü qadındır.
Xəstəlik sinifləri üzrə bölgüdə də ürək-damar sistemi açıq şəkildə liderdir.
2024-cü ildə ölümlər bu səbəbdən baş verib:
- Qan dövranı sisteminin xəstəlikləri - 33 289 nəfər ölüb
- Xərçəng - 9681 nəfər ölüb;
- Təsnif olunmayan simptom və əlamətlər - 3 720 nəfər ölüb
- Travmalar, zəhərlənmələr və xarici səbəblər - 2 714 nəfər ölüb;
- Sinir sistemi xəstəlikləri - 2 286 nəfər ölüb;
- Həzm sistemi xəstəlikləri - 1 964 nəfər ölüb;
- Tənəffüs orqanlarının xəstəlikləri - 1 450 nəfər ölüb;
- Endokrin sistem, qidalanma və maddələr mübadiləsi xəstəlikləri - 1 154 nəfər ölüb.

İnsanlar neçə il sağlam yaşayır?
Ölüm statistikasının başqa tərəfi də var. İnsanların sadəcə neçə il yaşaması deyil, həmin illərin neçə ilini sağlam keçirməsi də mühüm göstəricidir.
2021-ci ildə Azərbaycanda gözlənilən ömür uzunluğu 72,9 il, sağlam yaşanan illər – HALE isə 64 il olub. Beləliklə, insan ömrü ilə sağlam yaşanan ömür arasında təxminən 8,9 illik fərq yaranır.
Bu o deməkdir ki, ölən hər bir insan son 8-9 ilini xəstə keçirir.
Əslində statistik mənzərə kifayət qədər aydındır - Azərbaycanda əsas ölüm səbəbləri uzun müddət ərzində dəyişən və bir çox halda risk faktorları erkən mərhələdə müəyyənləşdirilə bilən xəstəliklərdir.
Başqa sözlə, məsələ yalnız “Azərbaycanda ildə neçə nəfər ölür?” sualından ibarət deyil. Daha vacib sual budur: Bu insanların neçəsinin xəstəliyi daha erkən aşkarlansaydı, neçəsinin risk faktorları vaxtında aradan qaldırılsaydı və neçəsi daha uzun və daha sağlam yaşaya bilərdi?
Ümid edirik ki, səhiyyə sistemindəki səlahiyyətli şəxslər mövcud statistik mənzərəni daha dərindən araşdıracaq və müsbətə doğru dəyişikliklər üçün müəyyən addımların atılması istiqamətində ən azından səy göstərməyə çalışacaqlar...
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər