Moskva sülh danışıqlarının çıxılmaz tərəfə dirəndiyini düşünərək Ukraynada hərbi əməliyyatları şiddətləndirməyə və hətta NATO ölkələrinə qarşı təxribatlara əl atmaya hazırlaşır. Qərb mənbələri Kremlin taktiki nüvə silahından istifadə ehtimalını və Baltikyanı ölkələrə oluna biləcək hücum ssenarilərini müzakirə edir.
“Bloomberg” agentliyinin Kremlin daxili dairələrinə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya rəhbərliyi sülh danışıqlarının tamamilə dayandığı qənaətindədir. Bu səbəbdən Moskva müharibədə yeni bir eskalasiya dalğası planlaşdırır. Rusiya Prezidenti Vladimir Putinin Ukraynada taktiki nüvə silahına müraciət edə biləcəyi ilə bağlı narahatlıqlar yenidən pik həddə çatıb.
Politoloq Georgi Çijov agentliyə bildirib ki, ABŞ üçün nüvə silahının tətbiqi "qırmızı xətt"dir və Vaşinqton buna güc tətbiqi də daxil olmaqla çox sərt cavab verə bilər. Bununla belə, ekspert bu cür şayiələrin bilərəkdən Moskva tərəfindən dövriyyəyə buraxıldığını istisna etmir:"2022-ci ildə istifadə olunan tozlu nüvə qorxutma taktikası görünür yenidən işə salınıb".
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya etdiyi məxfiləşdirilmiş səfərin təfərrüatları da bəlli olmağa başlayıb. “Wall Street Journal” və “CBS News”un yazdığına görə, Vaşinqton nümayəndə heyəti vasitəsilə Kremlin diqqətinə çatdırıb ki, NATO üzvü olan hər hansı bir ölkəyə hücum etməkdən qətiyyətlə çəkinməlidir. Amerika kəşfiyyatının məlumatlarına görə, Kreml yaxın illərdə Alyansın reaksiyasını yoxlamaq üçün Baltikyanı ölkələrə qarşı hibrid təxribatlar - kiberhücumlar və ya məhdud kontingentlə quru əməliyyatları həyata keçirə bilər.
Siyasi analitik Sergey Şelinin sözlərinə görə, Putinin nüvə silahı ilə bağlı vəziyyətlərdən ehtiyat etdiyini bildirir. O, qeyd edir ki, Rusiya lideri mövcud müharibə şəraitində öz hakimiyyətini vizual olaraq möhkəmləndirib, buna görə də tamamilə rasional düşüncəni itirməyibsə, bu addımı atmayacaq.
Hərbi ekspert Nikolay Mitroxin isə taktiki nüvə silahının tətbiqi üzrə real təcrübənin olmadığını xatırladır: "Heç kim bunun nəticələrinin necə olacağını və partlayışdan sonra radiasiya buludunun haraya hərəkət edəcəyini dəqiq bilmir".
Qərb analitikləri hesab edirlər ki, Rusiya tərəfindən gələn bu növ təhdidlər daha çox diplomatik təzyiq aləti kimi istifadə olunsa da, cəbhədəki gərginliyin artması riskləri kritik həddə çatdırır.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər