Xalq artisti İlham Namiq Kamal “Gənclər hara baxır?” podkastındakı çıxışında Azərbaycanda gənclərin qarşılaşdığı sosial və məşğulluq problemlərinə diqqət çəkib.
İlham Namiq Kamal bildirib ki, xüsusilə gənclərin işlə təmin olunmasında ciddi problemlər var.
“Bu gənc 500 manata kirayə ev tutsun, yemək yesin, paltar alsın, bəs bu gənc necə yaşasın? Gənclərin problemi dəhşətlidir. Bizim nə qədər gənclərimiz var”, -deyə o bildirib.
Xalq artisti oğlunun iki ay əvvəl İqtisad Universitetini bitirdiyini və onun məzuniyyət mərasimində iştirak etdiyini də qeyd edib. Onun sözlərinə görə, tədbirdə universitetdən 6 min tələbənin məzun olduğu açıqlanıb: “Mən öz-özümə düşündüm, yaxşı, bu 6 min tələbə harada işləyəcək? Çox maraqlı hadisədir. Axı indi təyinat da yoxdur. Onlar harada yer tapacaqlar? Bakıda bu 6 minə ehtiyac olacaqmı?”.
İlham Namiq Kamal hesab edir ki, əvvəllər olduğu kimi təyinat sisteminin olması gənclərin regionlarda işlə təmin olunmasına və öz həyatlarını qurmasına imkan verə bilərdi.
O, gənclərin ölkənin gələcəyi olduğunu bildirərək fikirlərini belə yekunlaşdırıb: “Bilirsiniz, gənclik sabahındır. Sabah isə bugündən başlayır”.
"AzPolitika.info"

Şərhlər