Əmək bazarında vakansiyaların sayı artsa da, təklif olunan maaşlarla insanların gözləntiləri arasında ciddi fərq qalır. Xüsusilə ixtisaslı işçilər daha yüksək gəlir tələb etdiyi halda, işəgötürənlər xərclərin artmasından şikayətlənirlər. Azərbaycanda maaşların yüksəlməsinə nə mane olur? İşçi çatışmazlığı maaşları məcburi şəkildə artıracaqmı?
Bu barədə “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, əmək bazarında iş elanlarının sayının çox olmasına baxmayaraq, təklif olunan əməkhaqqı bir sıra hallarda vətəndaşların mövcud xərclərini qarşılamaq üçün kifayət etmir.
Onun sözlərinə görə, insanların mövcud iş yerlərinə maraq göstərməməsinin əsas səbəblərindən biri əməkhaqqı ilə gündəlik xərclər arasındakı uyğunsuzluqdur. Hazırkı həyat şəraiti və artan xərclər vətəndaşları təklif olunan maaşla ailə büdcəsini təmin etməyin mümkün olub-olmaması barədə düşünməyə vadar edir.
“Reallıq ondan ibarətdir ki, maaş təklif edilərkən real istehlak bazarının tələbləri nəzərə alınmır. İşəgötürənin də öz xərcləri var və o, bu ümumi iqtisadi dövriyyənin bir hissəsidir. Beləliklə, qapalı dairə yaranır: işəgötürən daha yüksək maaş təklif edə bilmir, vətəndaş isə həmin maaşla işləməyin ona sərf etmədiyini düşünür. Nəticədə iş yerləri mövcud olsa da, onların bir qismi əmək bazarında real tələbat yaratmır. Əmək bazarındakı problemin səbəblərindən biri də biznes subyektlərinin üzləşdiyi əlavə xərclər və müxtəlif müdaxilələrdir”, - deyə, o bildirir.
İqtisadçının fikrincə, sahibkarlıq mühitində yaranan problemlər nəticə etibarilə həm iş yerlərinin açılmasına, həm də həmin yerlərdə daha yüksək əməkhaqqının təklif edilməsinə mane olur: “Bu gün Azərbaycan biznesinin üzləşdiyi problemlərdən biri də səhnəarxası proseslərdir. Ölkə rəhbərliyi tərəfindən bu məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar səsləndirilib, yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması halları da baş verib. Lakin buna baxmayaraq, sistemdə problemlər tam aradan qalxmayıb. Bəzi sahibkarlar üzləşdikləri çətinliklərlə bağlı müraciət etməkdən çəkinirlər. Bunun nəticəsində vətəndaşa təklif olunan əməkhaqqı onun real ehtiyaclarına uyğun gəlmir”.
Təhsil və səhiyyə xərcləri də əməkhaqqına təsir edir
F.İbrahimov qeyd edib ki, vətəndaşların iş seçimində yalnız əməkhaqqı deyil, gündəlik həyatla bağlı digər xərclər də mühüm rol oynayır. Buraya təhsil, səhiyyə və nəqliyyat xərcləri daxildir: “Formal olaraq təhsil pulsuz olsa da, valideynlərin məktəbdənkənar əlavə dərslərə müraciət etməsi bu sahədə real xərcləri artırır. Əvvəllər şagirdlər əsasən son siniflərdə əlavə müəllim yanına gedirdilər. Hazırda isə birinci sinifdən etibarən bir çox ailə övladını repetitor yanına göndərir. Bu isə valideyn üçün əlavə xərcdir. Özəl məktəb alternativi də hər ailə üçün əlçatan deyil. Beləliklə, pulsuz hesab olunan təhsil müəyyən mənada dolayı xərclər yaradır”.

Səhiyyə sahəsində də oxşar vəziyyətin yarandığını deyən iqtisadçı icbari tibbi sığortanın mövcudluğuna baxmayaraq, bəzi tibbi xidmətlərdən istifadə zamanı vətəndaşların vaxt və əlavə maliyyə itkisi ilə üzləşdiyini bildirib.
“Vətəndaş hansısa müayinədən keçmək üçün uzun müddət növbə gözləyirsə, son nəticədə vaxt itkisi ilə üzləşir. Sağlamlıq problemi təxirəsalınmaz olduqda isə insanlar növbəni gözləməmək üçün özəl tibb müəssisələrinə müraciət edirlər. Bu da ailə büdcəsi üçün əlavə xərc deməkdir”, – deyə İbrahimov qeyd edib.
Nəqliyyat xərcləri əməkhaqqının real dəyərini azaldır
Əmək bazarına təsir edən digər amil kimi nəqliyyat xərclərini göstərən iqtisadçı hesab edir ki, işə gedib-gəlmək üçün bir neçə nəqliyyat vasitəsindən istifadə edən şəxslərin real gəliri əhəmiyyətli dərəcədə azalır.
“Vətəndaş evindən iş yerinə çatmaq üçün iki-üç marşrut dəyişməli olduqda, yol xərcləri də artır. Əgər vətəndaş bir istiqamətdə üç nəqliyyat vasitəsindən istifadə edirsə, gediş-gəliş xərci gün ərzində əhəmiyyətli məbləğ təşkil edir. Burada yalnız pul itkisini deyil, vaxt itkisini də nəzərə almaq lazımdır. İnsan üçün vaxt da iqtisadi resursdur. Saatlıq və ya müəyyən müddət ərzində bütün nəqliyyat növlərindən istifadə imkanı verən vahid ödəniş sisteminin tətbiqi bu baxımdan müsbət nəticə verə bilər”, – deyə o bildirib.
İbrahimov hesab edir ki, bütün bu xərclər əməkhaqqının vətəndaş üçün real dəyərini müəyyənləşdirən əsas amillərdəndir. Onun fikrincə, 500-600 manat əməkhaqqı alan şəxs işə gedib-gəlmək, qidalanma və digər gündəlik ehtiyaclara görə həmin məbləğə əlavə vəsait xərcləməli olursa, belə iş yerinin onun üçün cəlbediciliyi azalır.
Diplom yox, peşə bacarığı ön plana çıxmalıdır
İqtisadçı əmək bazarındakı problemlərdən danışarkən təhsil və peşə hazırlığı məsələsinə də toxunub. Onun fikrincə, cəmiyyətdə ali təhsilə həddindən artıq üstünlük verilməsi bəzi hallarda real əmək bazarının tələbləri ilə ziddiyyət təşkil edir:
“Diplom məsələsini özümüz üçün böyük problemə çevirmişik. Halbuki əmək bazarında peşəkar mütəxəssislərə ciddi ehtiyac var. İnsan yaxşı zərgər, aşpaz, dərzi, aqronom və ya laboratoriya mütəxəssisi ola bilər. Əsas məsələ konkret sahədə peşəkar bacarığa yiyələnməkdir.
Müəyyən ixtisaslar üzrə peşəkar kadrlara yüksək əməkhaqqı təklif olunur. Xüsusilə məhsuldarlığa və istehsal prosesinə birbaşa təsir göstərən mütəxəssislərin əmək bazarında dəyəri yüksəkdir. İşəgötürən üçün əsas məsələ diplomun mövcudluğu deyil, işçinin konkret sahədə nə qədər peşəkar olmasıdır. Məsələn, yaxşı mühasib şirkətin maliyyə və vergi məsələlərində problemlərlə üzləşməsinin qarşısını ala bilir. Buna görə də peşəkar kadr axtaran işəgötürən onu tapdıqda daha yüksək maaş verməyə hazır olur”, – deyə iqtisadçı bildirib.
Ali təhsil alanların bir qismi niyə ölkədə qalmır?
F.İbrahimov hesab edir ki, peşəkar kadrların xaricə üz tutması da əmək bazarının əsas problemlərindən biridir: “Xaricdə təhsil alan və ya peşə bacarıqlarına yiyələnən insanların bir hissəsinin Azərbaycana qayıtmaması ölkə daxilində mütəxəssis çatışmazlığını daha da dərinləşdirir. Xaricdə təhsil alanların əksəriyyətinin ölkəyə qayıtmadığını görürük. Xüsusilə öz peşəsi üzrə işləmək, inkişaf etmək və daha yaxşı imkanlar əldə etmək istəyən şəxslərin bir qismi xaricdə qalmağa üstünlük verir. Bu prosesin nəticəsində xaricdə yaşayan vətəndaşlarımız arasında xarici vətəndaşlarla nikahların sayının da artdığını müşahidə etmək mümkündür”.
Biznes mühiti dəyişməsə, yeni iş yerləri yaratmaq çətin olacaq
İqtisadçı hesab edir ki, əmək bazarındakı problemlərin həlli yalnız maaşların artırılması ilə məhdudlaşmamalıdır. Bunun üçün ilk növbədə sahibkarlıq və rəqabət mühiti sağlamlaşdırılmalı, biznesin fəaliyyətinə mane olan müdaxilələr aradan qaldırılmalıdır: “İş yerlərinin açılmasına mane olan əsas amillərdən biri rəqabət mühitinin tam formalaşmamasıdır. Biznesə müxtəlif müdaxilələr olduqda sahibkar fəaliyyətini genişləndirə və yeni iş yerləri yarada bilmir. Buna görə də əmək bazarındakı vəziyyəti yaxşılaşdırmaq üçün biznes mühitinin sağlamlaşdırılması əsas şərtlərdən biridir.
Bəzi Qərb ölkələrində biznes subyektlərinin fəaliyyətinin dayanmasına görə yerli idarəetmə və nəzarət qurumlarının məsuliyyət daşıdığı mexanizmlərin mövcud olduğunu qeyd edib”.
İqtisadçının təklifinə görə, müəyyən ərazidə müəssisələrin kütləvi şəkildə fəaliyyətini dayandırması hallarında bunun səbəbləri araşdırılmalı və obyektiv səbəb olmadığı təqdirdə məsul dövlət qurumlarından izahat tələb edilməlidir: “Əgər müəyyən ərazidə bir neçə müəssisə ardıcıl şəkildə fəaliyyətini dayandırırsa, bunun səbəbləri araşdırılmalıdır. Sahibkarın öz qərarı ilə fəaliyyətini dayandırması, biznesini düzgün qiymətləndirməməsi və ya müflisləşməsi mümkündür. Lakin dövlət qurumlarının müdaxiləsi və ya biznes mühitindəki problemlər səbəbindən müəssisələr bağlanırsa, buna görə məsuliyyət mexanizmi olmalıdır”.
“İşləməyən biznes mühiti sağlam əmək bazarı yarada bilməz”
Ekspert əlavə edib ki, yerli idarəetmə orqanlarının fəaliyyətinin qiymətləndirilməsində həmin ərazidə yaradılan və bağlanan müəssisələrin dinamikası da nəzərə alına bilər: “Belə mexanizmin tətbiqi dövlət qurumlarını sahibkarların problemlərinə daha həssas yanaşmağa sövq edə bilər. Əgər hansısa rayonda müəssisələr ardıcıl şəkildə fəaliyyətini dayandırırsa, bunun səbəblərinə diqqət yetirilməlidir. Dövlət qurumları sahibkarın qarşısında dayanmalı, onun fəaliyyətinə mane olmaq deyil, biznesin davamlılığını təmin edən şərait yaratmaq üçün çalışmalıdır. Bu baş verdikdə yeni iş yerlərinin yaradılması və makroiqtisadi tarazlığın qorunması üçün daha əlverişli mühit formalaşar”.
İqtisadçı vurğulayıb ki, Azərbaycan cəmiyyətində yüksək potensial, işgüzarlıq və peşə bacarıqları mövcuddur.
“Əsas məsələ bu potensialın reallaşdırılması üçün uyğun iqtisadi mühitin yaradılmasıdır. Azərbaycan xalqının böyük potensialı var. İnsanların işləməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və öz bacarıqlarını reallaşdırması üçün şərait yaradılmalıdır. Sağlam rəqabət mühiti formalaşarsa, həm iş yerlərinin sayı, həm də onların keyfiyyəti və əməkhaqqı baxımından müsbət dəyişikliklər baş verə bilər”, – deyə İbrahimov fikirlərini yekunlaşdırıb.
Oğuz Ayvaz
"AzPolitika.info"

Şərhlər