Azərbaycanda kərə yağı idxalı və istehsalının azalması fonunda palma yağı idxalının kəskin artması qida bazarında istehlak və istehsal strukturunda dəyişikliklərin olduğunu göstərir. 2026-cı ilin ilk yarısında palma yağı və onun bərk fraksiyalarının idxalının 14,6 min tona çatması, illik müqayisədə isə 19,5 dəfə artması diqqət çəkir. 

Bəs palma yağına tələbatın bu qədər artmasının əsas səbəbləri nələrdir və süd məhsulları ilə şirniyyatlarda istifadəsi istehlakçı üçün hansı riskləri yarada bilər? Alıcı məhsulun tərkibində palma yağının olduğunu necə müəyyən edə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən qida üzrə mütəxəssis Fərid Səfərov deyib ki, Azərbaycanda palma yağı idxalının kəskin artmasını bir neçə amillə əlaqələndirmək olar.

Onun sözlərinə görə, əsas səbəblərdən biri palma yağının kərə yağı və digər süd yağları ilə müqayisədə daha ucuz olmasıdır. Bundan əlavə, uzunmüddətli saxlanma qabiliyyəti, yüksək temperaturda texnoloji xüsusiyyətlərini qoruması və müxtəlif məhsullarda istifadəyə uyğun olması qida istehsalçıları üçün onu əlverişli xammala çevirir: “Xüsusilə şirniyyat, krem, vafli, peçenye, şokolad məmulatları, dondurma və bəzi süd məhsullarında palma yağı və onun fraksiyalarından istifadə edilə bilər. Palma yağının özü avtomatik olaraq “zəhərli” və ya sağlamlıq üçün təhlükəli məhsul hesab edilmir. Əsas məsələ onun hansı formada, nə qədər və hansı məhsulun tərkibində istifadə olunmasıdır. Palma yağının tərkibində doymuş yağ turşularının miqdarı yüksək olduğundan, onun çox və müntəzəm istehlakı rasionda ümumi doymuş yağ yükünü artıra bilər. Bu isə balanssız qidalanma şəraitində ürək-damar xəstəlikləri riskinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, yağın yüksək temperaturda emalı zamanı 3-MCPD efirləri və qlisidil efirləri kimi arzuolunmaz çirkləndiricilər yarana bilər. Buna görə istehsal prosesinə və xammalın keyfiyyətinə nəzarət mühüm əhəmiyyət daşıyır”.

Ekspert qeyd edib ki, istehlakçı üçün əsas problem isə bəzən məhsulun adından onun tərkibində hansı yağın istifadə edildiyini müəyyən etməyin çətin olmasıdır: “Məsələn, “bitki yağı”, “bitki mənşəli yağlar”, “bitki yağlarının fraksiyaları” və ya konkret olaraq “palma yağı”, “palma stearini” kimi ifadələrə rast gəlmək mümkündür. Buna görə məhsul alarkən yalnız ön tərəfdəki “kərə yağı”, “qaymaqlı”, “pendir” və ya “şokoladlı” kimi ifadələrə deyil, mütləq tərkib siyahısına baxmaq lazımdır. Xüsusilə süd məhsullarında “kərə yağı” və ya “pendir” adı ilə satılan məhsulun tərkibində süd yağı əvəzinə və ya onunla birlikdə bitki yağlarının olub-olmaması diqqətlə yoxlanmalıdır. Şirniyyatlarda isə palma yağının istifadəsi daha geniş yayılmış ola bilər və bu, məhsulun texnoloji xüsusiyyətləri ilə yanaşı qiymətinə də təsir edir”.

F.Səfərov sonda vurğulayıb ki, nəticə etibarilə, palma yağına tələbatın artması həm iqtisadi, həm də texnoloji səbəblərlə izah olunur:

“Burada əsas məsələ palma yağının mövcudluğu deyil, onun məhsulda açıq şəkildə göstərilməsi, təhlükəsiz texnologiya ilə istehsal olunması və istehlakçının düzgün məlumatlandırılmasıdır. İstehlakçı isə gündəlik rasionunda belə məhsulların miqdarını nəzərə almalı və mümkün qədər müxtəlif, balanslı qidalanmaya üstünlük verməlidir”.

Oğuz Ayvaz

AzPolitika.info”