“Əvvəllər Müdafiə Nazirliyi rəhbərliyinə savaş açan “Vaqner” başçısı Yevgeni Priqojin artıq Vladimir Putinə meydan oxuyur”.
“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının son hesabatında belə deyilir.
Hesabatda xatırladılır ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu iyunun 10-da bütün könüllü dəstələrin nazirliklə müqavilə bağlaması və ona tabe etdirilməsinə dair əmr imzalayıb. Bundan dərhal sonra Priqojin “Vaqner”-in qəti şəkildə Müdafiə Nazirliyi ilə müqavilə bağlamayacağını özünəməxsus ritorika ilə bəyan etdi.
Ancaq bunun ardınca, iyunun 13-də Vladimir Putin televiziya ilə çıxış edərək, Müdafiə Nazirliyinin qərarını dəstəklədiyini nümayiş etdirdi. Britaniya kəşfiyyatı qeyd edir ki, buna baxmayaraq, Priqojin geri çəkilmək fikrində deyil və məhz buna görə, Putinin çıxışının sabahısı günü əvvəlki mövqeyində qaldığını bəyan edib. Həmin gün Priqojin deyib: “”Vaqner” döyüşçülərindən heç kim rüsvayçılığın ardınca getmək istəmir. Ona görə də onlar müqavilə bağlamayacaqlar”.
Hesabatda deyilir ki, Priqojinin bu ritorikası onun təkcə Putinə yox, Rusiya siyasi isteblişmentinin daha geniş qatlarına savaş açdığını göstərir. Beləliklə, indiyə qədər əsasən Müdafiə Nazirliyini söyüb, Putinə loyallıq nümayiş etdirən Priqojin artıq Kreml sahibi ilə də hesablaşmadığını nümayiş etdirir.
Bu arada Donbasdakı separatçıların sabiq lideri və “dnr”-in sabiq “müdafiə naziri” İqor Strelkov(Qirkin) Priqojinin mövqeyini “hərbi qiyam” adlandırıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bütün könüllü birləşmələrə nazirliklə müqavilə bağlamaq üçün iyulun 1-nə qədər vaxt verib. Ehtimal olunur ki, həmin tarixdən sonra Priqojinin ətrafında daha maraqlı hadisələr baş verəcək...
“AzPolitika.info”


Şərhlər