“Hardadı Zalujnı? Mən, mən… mən bilirəm. Mənə elə gəlir ki, mən bilirəm. Onun özündən soruşun… ancaq bunun üçün xarici dilə keçmək lazım olacaq. Mənə elə gəlir ki, o, xaricdədir…”

Bunu bir neçə gün əvvəl Vladimir Putin hərbi müxbirlərlə görüşündə demişdi. Özünü guya Ukrayna rəhbərliyinin hər addımından, hazırkı durumundan və s. tam məlumatlı birisi kimi göstərməyə çalışsa da, mimikası ilə dediklərinə özünün də inanmdığını gizlədə bilməyən Putin bununla da Kremlin yalançı təbliğat maşının “vintcikləri” olan Skabeyevadan, Simonyandan, Solovyovdan heç nə ilə fərqlənmədiyini göstərdi.

“AzPolitika.info” xəbər verir ki, ötən gün Ukrayna və Qərb KİV-ləri Ukrayna ordusunun Baş komandanı Valeri Zalujnının öz hərbi komandirlərilə keçirdiyi yeni iclasın videgörüntülərini yayımlayıb. Həmin görüntüləri şəxsən Zalujnının özü paylaşıb və şərhində “Əməliyyat plana uyğun olaraq davam edir” yazıb.

Videoda Zalujnı komandirlərlə xəritə üzərində əks-hücum əməliyyatının detallarını müzakirə edir. Bununla da Kremlin təbliğat maşınının və şəxsən Putinin də qoşulduğu “Zalujnı ağır yaralıdır, xaricdə müalicə olunur” kimi “feyk” kampaniyası iflasa uğramış oldu.

Ötən gün Kremlin daha bir yalanı – Ukrayna Hərbi Kəşfiyyatının başçısı, general Kirill Budanovun öldüyü barədə xəbərlər də ifşa olundu. Hansı ki, Rusiyanın RİA Novosti dövlət agentliyi belə Budanovun guya Ukrayna Hərbi Kəşfiyyatının binasına endirilən raket zərbəsi nəticəsində öldüyü barədə məlumat yaymışdı.

Xəbərdə deyilirdi ki, Rusiya raketi Budanovun oturduğu kabinetin qonşuluğundakı otağa düşüb və nəticədə general ağır yaralanıb, komaya düşüb, Polşaya, oradansa Almaniya Müdafiə Nazirliyinin hospitalına aparılıb, lakin onu komadan çıxarmaq mümkün olmayıb. Məlumatda hətta guya Budanovu Polşadan Almaniyaya aparan xüsusi hərbi vertolyotun bort seriya nömrəsi belə göstərilmişdi. Ukrayna Radasının sabiq rusiyapərəst deputatı, satqın İlya Kiva isə özünün Ukraynanın Almaniyadakı səfirliyində olan “mənbələrindən” aldığı məlumat əsasında Budanovun komadan çıxmadan öldüyünü bəyan etmişdi.

Bütün bunlara ötən gün şəxsən Budanovun özü Ukraynanın “Kyiv Post” nəşrinə açıqlamasında cavab verərək, Kreml təbliğatçılarını ələ salıb: “İndi Ukraynada xüsusi “ölümsüz komandanlar” dəstəsi yaradılır – Valeri Zalujnı, mən, Stepan Bandera, Simon Petlyura, İvan Mazepa. Ona görə də rusiyalıların və onların təbliğatçılarının əsəb və isterika şəraitində hələ çox işləri olacaq. Ölümsüzlər dəstəsi gecə yarısı Ukraynanı işğal etmək istəyən Rusiya “obıvatellərinin” yuxusuna gələcək və onları vahiməyə salacaq”.

Beləliklə, Rusiya təbliğat maşınının Ukrayna hərbi-siyasi rəhbərliyilə bağlı növbəti yalan kampaniyası biabırçılıqla iflasa uğradı. Bu kampaniyada şəxsən Putinin özünün iştirakı isə Rusiya başçısının Ukraynada baş verənlərdən nə dərəcədə məlumatlı olduğunu göstərdi...

C.Məmmədov

“AzPolitika.info”