Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi Krımla Xerson vilayətini birləşdirən Çonqar körpüsünün Ukrayna tərəfindən vurulduğunu təsdiqləyib.

“AzPolitika.info” xəbər verir ki, Hərbi Kəşfiyyatın sözçüsü Andrey Yusov körpüyə zərbələrin davam etdiriləcəyinə işarə vurub: “İş gedir və davam edəcək. Bu, müdafiə qüvvələrinin, Ukraynanın qanuni hakimiyyətinin qayıtmasını gözləyən yerli müqavimət hərəkatının və əhalinin planlı işidir. Yalnız onu deyə bilərəm ki, davamı gələcək”.

Xatırladaq ki, Ukrayna mətbuatının və sosial şəbəkələrin yazdığına görə, Çonqar körpüsü “Storm Shadow” raketlərilə vurulub. Bu körpü Krımı Xerson vilayəti ilə birləşdirən 3 yoldan biridir. Qeyd olunur ki, körpüyə ciddi ziyan dəyib və hazırda yol bağlıdır.

***

Ukrayna hərbçiləri Azov dənizindəki Sivaş körfəzi üzərindən Rusiyanın ilhaq etdiyi Krıma aparan körpülərə zərbə endirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş qondarma rəhbəri Vladimir Saldo məlumat verib. O, zərbənin Britaniyanın "Storm Shadow" qanadlı raketləri ilə endirildiyini vurğulayıb.

"Körpülərdə yol örtüyü zədələnib. Əhali arasında tələfat yoxdur", - o deyir. Onun sözlərinə görə, avtomobillərin keçidi ən qısa zamanda bərpa olunacaq. Zərbənin dəqiq nə vaxt vurulduğunu Saldo dəqiqləşdirməyib.

Ukrayna ordusunun “Operational ZSU” teleqram kanalı Çonqar yaxınlığındakı qəzalı avtomobil körpüsünün fotolarını dərc edib.

Ukrayna ordusunun körpüyə hücum etməsi faktını ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov da təsdiqləyib.

Çonqardan keçən yol Krımdan Ukraynanın Zaporojye vilayətinin cənubunda Rusiya tərəfindən işğal olunmuş Melitopola və daha sonra Ukrayna ordusunun hazırda irəliləməyə çalışdığı cənub cəbhəsinə gedən ən qısa yoldur.

Mayın ortalarında Ukrayna Britaniyadan 250 kilometrdən uzaq hədəfləri vuran “Storm Shadow” qanadlı raketlərini alıb. Bu, Kiyevin müharibə başlayandan bəri Qərb müttəfiqlərindən aldığı ən uzaq mənzilli silahdır.

“AzPoltika.info”