“Vaqner”-in başçısı Yevgeni Priqojinin yeni müsahibəsi böyük əks-səda doğurub.
“AzPolitika.info” xəbər verir ki, “Vaqner”-in mətbuat xidmətinin yayımladığı müsahibədə Y.Priqojin Kremlin və Rusiya Müdafiə Nazirliyinin Ukrayna ilə bağlı yalanlarını və talançılıq ssenarilərini ifşa edib.
Priqojin deyib ki, hazırda Ukraynada gedən müharibənin 2014-cü ildən etibarən Donbasda davam edən savaşla əlaqəsi yoxdur və Rusiyanın məqsədi heç də Ukraynanın rusdilli əhalisini “azad etmək” olmayıb: “Müharibə ondan ötrü lazım idi ki, Medvedçuku hakimiyyətə gətirsinlər və Ukraynanın material aktivlərini bölüşdürsünlər... Medvedçuk gözləyirdi ki, Rusiya qoşunları gələcək, Zelenski qaçacaq, hamı silahları təhvil verəcək və o, Ukrayna Prezidenti olacaq. Məqsəd Ukraynanın material aktivləri ələ keçiriləndən sonra onların bölüşdürülməsi idi... Beləliklə, bizim rus xalqını incidənlərlə, onu alçaltmağa çalışanlarla müqəddəs müharibəmiz adi reketə çevrilib və bu, qanun, milli ideologiya səviyyəsinə qaldırılıb”.
Priqojin deyib ki, müharibə başlayanda elan olunan “rus adamlarının müdafiəsi” şüarları banal formada Ukraynanın talanmasına çevrilib. Onun bildirdiyinə görə, müharibədən əvvəl Rusiya Müdafiə Nazirliyi cəmiyyəti aldadaraq, guya Ukraynanın böyük aqressivlik göstərdiyini və NATO ilə birgə hücuma hazırlaşdığını iddia edib. Lakin onun dediyi kimi, Ukrayna tərəfindən fevralın 24-ü ərəfəsində bundan əvvəlki 8 illə müqayisədə heç bir qeyri-adi hərəkətlilik olmayıb.
“Vaqner” başçısı hesab edir ki, 2022-ci ilin fevralında ümumiyyətlə, müharibəyə başlamamaq da olardı və Ukrayna Prezidenti həmin vaxt danışıqlara hazır idi: “Mənim bildiyim qədər Zelenski Prezident olandan sonra istənilən razılaşma əldə edilməsinə hazır idi. Lazım olan yeganə şey (Kremlin) olimpdən enib və gedib razılaşmaq idi”.
“AzPolitika.info”

Şərhlər