Son günlər sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvili və onu hələ də inadla həbsdə saxlamağa çalışan hökumət ətrafında qalmaqal böyüyür.
Məlum olduğu kimi, Mixeil Saakaşvilinin məhkəməyə canlı bağlanarkən cılız bədənindəki göyərtiləri göstərərək, “məni burda öldürürlər” deməsi dünya ictimaiyyətində birmənalı qarşılanmayıb.
Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstandan Saakaşvilini geri verməyi tələb edib.
Bundan əvvəl Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə Gürcüstanın səfiri Georgi Zakaraşviliyə zəng edərək, 48 saat ərzində respublikanı tərk etməsini tapşırıb.
O, həmçinin diplomatik missiyanın rəhbərindən Saakaşvili məsələsi ilə bağlı Tiflisdə məsləhətləşmələr aparmağı tələb edib.
Moldova prezidenti Maya Sandu tviter səhifəsində yazıb: “Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntüləri bizi üzür. Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram”.
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze isə bildirib ki, Saakaşvili “həbs cəzasını layiqincə çəkməlidir”.
Görünən odur ki, “Gürcü arzusu” rəhbərliyi və Gürcüstan hökumətindəki şəxslər Saakaşvili məsələsində güzəştə getmək fikrində deyillər. Hətta Saakaşvilinin həbs olunmasından sonar meydanların minlərlə insanla dolması belə, hakimiyyətin mövqeyinə təsir etməmişdi. İstənilən ölkədə və istinən iqtidarda bu cür mitinqlər hər hansı ehtiyat və tərəddüd yaratmış olardı… Amma Gürcüstanda biz bunu görmədik.

Digər tərəfdən, ABŞ və Avropa İttifaqı rəsmilərinin bu mövzuda nisbətən sakit və biganə davranması Gürcüstan hakimiyyətinə müəyyən qədər cəsarət verir.
“Gürcü arzusu” rəhbərliyi açıq şəkildə bildirir ki, Saakaşvili mövzusunda güzəştə getməyəcək. Qərbdə də anlayırlar ki, hazırda hakimiyyətdə möhkənlənmiş “Gürcü arzusu” ilə kompromis daha vacibdir. Əks təqdirdə Gürcüstanı itirmək də var…
Yaxşı, Qərb Gürcüstanı itirməmək üçün Saakaşvilidən vaz keçəcəkmi?
Bu suala cavab vermək çətindir. Çünki əslinə baxanda, Qərbin bölgədəki dayaqları hazırda heç də əvvəlki kimi güclü deyil. Bir tərəfdən Ermənistan və Azərbaycanı “barışdırmağa” çalışan, bununla da bölgədəki nüfuzunu dirçəldəcəyinə ümid edən Avropa İttifaqı yeni çağırış ilə üz-üzə qalıb.
Ya rəsmi Tiflisə açıq və qəti şəkildə təzyiqlər edilməlidir... Ya da Saakaşvilidən vaz keçilməlidir.

Amma Saakaşvilinin iki ilə yaxındır hələ də həbsdə olması ikinci varianta üstünlük verildiyindən xəbər verir. Belə olmasaydı, Gürcüstanın rəhbərliyi bu mövzuya “çoxdan həllini tapmış məsələ” kimi yanaşmazdı. Təbii ki, Qərblə münasibətlərin vacibliyini və bunun ölkə üçün iqtisadi-siyasi əhəmiyyətini Tiflisdə də anlayırlar. Deməli, bağlı qapılar arxasında Saakaşvili məsələsi çoxdan danışılıb.
Görünür ki, bundan sonra Qərb siyasətçiləri sadəcə “narahat” olacaqlar... Vəssəlam.
Rüfət Əhmədzadə
AzPolitika.info


Şərhlər