Vaxtilə Azərbaycanı “yeni müharibə-yeni ərazilər”, - deyərək hədələyən, xoruzlanan, ancaq 44 günlük müharibədə “payını alan” və bu gün həbsxanada yatan Ermənistanın sabiq Müdafiə naziri David Tonoyan yeni müraciətlə çıxış edib.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, 44 günlük müharibəni araşdıran dövlət komissiyasına müraciət edən Tonoyan ona komissiyanın iclasında ifadə verməsi üçün şərait yaradılmasını istəyib. Tonoyan Baş nazir Nikol Paşinyanın sözügedən komissiyadakı məlum çıxışından sonra müharibə dövründə nazir olmuş şəxs kimi onun da mövqeyinin eşidilməsinin vacib olduğunu bildirib.
Tonoyan qeyd edib ki, Paşinyanın ordunun fəaliyyəti barədə dediklərinə cavab vermək və bir çox mətləblərə aydınlıq gətirmək istəyir. Sabiq nazir deyib ki, onun açıqlayacağı çox şey var.
Tonoyan indiyə kimi onun ifadə verməsinə şərait yaratmadığı üçün komissiyanı tənqid edib. Sabiq nazir komissiyanın işinin başa çatması üçün az vaxt qaldığını önə çəkib və bildirib ki, əgər məqsəd doğrudan da həqiqətlərin üzə çıxarılmasıdırsa, onun çıxışı mütləq təmin olunmalıdır.
“AzPolitika.info”


Şərhlər