Menu

Keçmiş baş redaktor həbsdə aclıq aksiyası keçirir - “Nazirlik məni dövlət əmlakını talamaqla ittiham edir...”

05.07.2023, 15:00
Keçmiş baş redaktor həbsdə aclıq aksiyası keçirir  - “Nazirlik məni dövlət əmlakını talamaqla ittiham edir...”

Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov aclıq aksiyası keçirir. 

Bir ildən çox həbsdə olan R.Nəcəfov özünə qarşı ədalətsizliyə diqqət çəkmək üçün başqa çarəsinin qalmadığını ifadə edib.

“Mən bir ildən artıq müddətdir həbsdəyəm. Bu müddət ərzində mənim işimə baxmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsində iki dəfə hakimi dəyişdiriblər. Təəssüflər olsun ki, nə istintaq müddətində, nə də məhkəmə prosesində mənim işim düzgün aparılmır”, - deyə R.Nəcəfov bildirib.

Bu müddət ərzində sağlamlığını itirdiyini dilə gətirən R.Nəcəfov haqsızlığa məruz qaldığını vurğulayır: “Mən 2017-ci ildə Təhsil Nazirliyinin 100 yaşı olan orqanı - “Azərbaycan məktəbi” jurnalının baş redaktoru təyin edildim. Rəhbərlik etməyə başladığımda jurnal oxunmaz vəziyyətdə idi. Qısa müddətdə mən onu benəlxalq jurnallar səviyəsinə qaldırdım. Azərbaycanda ilk dəfə bizim jurnalın eloktron arxivini yaratdım, 100 illik yubileyini təntənəli keçirib, jurnalın tarixi haqqında sənədli film belə çəkdirdim. Bütün bunları demək olar ki, nazirliyin heç bir dəstəyi olmadan gerçəkləşdirdim. Ancaq indi nazirlik məni dövlət əmlakını talamaqla ittiham edir. “Çox kağız istifadə etmişəm, çox mürəkkəb xərcləmişəm” kimi səbəblərlə mənim dövlət əmlakını taladığımı bildirərək məni məhkəməyə veriblər. Nazirliyə dəfələrlə etdiyim müraciətlərimə cavab ala bilməmişəm. Mənim nə iş gördüyümlə belə maraqlanmadılar”.

Prokurorluğun hazırladığı ittiham aktının qərəzli olduğunu dilə gətirən məhbus bildirib ki dələduzluqda ittiham olunur: “Lazım olan bütün faktları prokurorluq əməkdaşlarına təqdim etdiyim halda, ittiham aktına məqaləsini çap etdirdiyim müəlliflərin siyahısını əlavə edib məni onlara qarşı dələduzluq etmiş kimi qələmə veriblər. Şikayətçi qismində göstərilən insanlar da dəfələrlə məndən şikayətçi olmadıqlarını, bir çoxu hətta məni tanımadığını qeyd ediblər”.

Keçmiş baş redaktor həyat yoldaşının şəkər xəstəsi, oğlum isə xroniki xəstə olduğunu deyir. “Özüm də bir il ərzində bütün sağlamlığımı itirmək təhlükəsi qarşısındayam” deyən R.Nəcəfov, ona qarşı haqsızlıq olduğunu vurğulayıb. “Aclıq aksiyası keçirməkdən başqa çarəm qalmayıb. Bəlkə o zaman mənə qarşı ədalətli mövqe sərgiləyərlər. Mən Azərbaycan dövlətinin ədalətinə inanıram. İnanıram ki, iş düzgün araşdırlacaq və əsl günahkarlar öz cəzasını tapacaqlar” – R.Nəcəfov bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol