Bakı şəhər Statistika İdarəsinin hesabatına əsasən, 2023-cü ildə paytaxt əhalisinin sayı 2 milyon 336 min 60 nəfər olub. Bu il Bakıda əhalinin sayı 6 min nəfər artıb. Rəsmi statistikaya əsasən, 2022-ci ildə paytaxt əhalisinin sayı 2 milyon 330 min nəfər olub. Əhalinin sıxlığına gəldikdə, ilin əvvəlində paytaxtın 1 kv. km ərazisinə 1092 nəfər düşüb. 2022-ci ildə 1582 nəfərin daimi yaşamaq üçün Bakı şəhərinə üz tutduğu bildirilir.

Məlumat üçün qeyd edək ki, 2022-ci ildə Bakı şəhərində təbii artım əvvəlki illə müqayisədə 4,4 faiz artıb. Belə ki, 2021-ci ildə təbii artım 2323 nəfər olduğu halda, 2022-ci ildə bu göstərici 10316 nəfərə yüksəlib. Əhalinin cins tərkibinə gəlincə, 2,3 milyon əhalinin 1 milyon 146 min nəfərini kişilər, 1 milyon 190 min nəfərini isə qadınlar təşkil edir. Şəhər əhalisinin 1 milyon 634 min 651 nəfəri əmək qabiliyyətli yaşdadır.

Rəsmi statistikaya əsasən, 1959-cu ildə Bakı əhalisinin sayı 967 min nəfər olduğu halda, 11 il ərzində yəni, 1970-ci ildə bu say 1 milyin 265 min nəfərə yüksəlib. Paytaxtda əhalinin sayı 1970-2023-cü illər ərzində hər il ortalama 5-30 min nəfər aralığnda artıb. Ancaq təkcə son 10 ildə şəhər əhalisinin sayında 272 min nəfərlik artım qeydə alınıb. 

Onu da qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayının 3 milyon 170 min nəfərə çatacağı gözlənilir. Ancaq nəzərə almaq lazımdır ki, alternativ hesablamalarda Bakı şəhərinin artıq 3 milyon nəfərdən çox əhalisi olduğu bildirilir. Hazırda paytaxtda rayon qeydiyyatında olan 100 minlərlə insanın yaşadığını nəzərə alsaq, Bakıdakı əhali sayının rəsmi açıqlanan rəqəmdən xeyli yüksək olduğu şübhə doğurmaz.

Bəs əhali artımı gələcəkdə Bakı üçün nə kimi problemlərə səbəb ola bilər?


Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Bakının təsərrüfatı normal şəkildə idarə olunarsa, paytaxtda əhalinin sayının 200-300 min, hətta 2 dəfə artması belə problem yaratmaz:“Digər böyük şəhərlərin təsərrüfatı, kommunal məsələləri, nəqliyyat sxemi Bakı ilə müqayisədə daha yaxşı idarə olunur. Burada şəhərin planlaşdırılması düzgün həyata keçirilir, şəhər əhalisi böyüdükcə ərazisi də genişlənir və ağıllı şəkildə sakinlərin şəhər üzrə paylanması həyata keçirilir və s. Hesab edirəm ki, süni şəkildə Bakıda əhalinin sayının azalmasına çalışmaq doğru addım olmazdı”.

Ekspert qeyd edir ki, paytaxtda əhalinin sayını azaltmaq əvəzinə, mövcud problemlərin həllinə nail olmaq lazımdır:“Mən çıxış yolunu Bakının təsərrüfatının, nəqliyyatının, kommunal vəziyyətinin daha ağıllı şəkildə idarə edilməsində görürəm. Təxminən 10 il bundan əvvəl Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminə milyonlarla manat pul xərcləndi. Amma nəticə nə oldu? Bu sistem heç bir həftə də düzgün işləmədi. Biz ilk öncə Bakıdakı təsərrüfat problemlərini aradan qaldırmalıyıq. Əgər gələcəkdə əhali sayıyla bağlı problemlər gözlənilirsə, iri şəhərlərin idarəetmə praktikasına baxmaq olar. Məsələn, Türkiyədə bir neçə şəhər var ki, Bakıdan daha böyükdür. Biz bu şəhərlərin təcrübəsini öyərənə bilərik”.

Qeyd edək ki, 2,14 min kv. km ərazisi olan Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur. Əhali sayına görə, ən böyük rayon Sabunçu (329 min nəfər), ən kiçik isə Pirallahıdır (18 min nəfər).

Rəsmi statistikaya əsasən, Bakının rayonlar üzrə əhali sayı aşağıdakı kimidir:

- Sabunçu rayonu – 329 min nəfər;

- Binəqədi rayunu – 307 min nəfər;

- Xətai rayonu – 275 min nəfər;

- Nəsimi rayonu – 218 min nəfər;

- Suraxanı rayonu – 207 min nəfər;

- Xəzər rayonu – 204 min nəfər;

- Yasamal rayonu – 193 min nəfər.

- Nizami rayonu – 184 min nəfər;

- Nərimanov rayonu – 180 min nəfər;

- Qaradağ rayonu – 116 min nəfər;

- Səbail rayonu – 101 min nəfər;

- Pirallahı rayonu – 18 min nəfər;

Ancaq təbii ki, Bakının rayonlar üzrə əhali sayı rəsmi statistikada göstəriləndən xeyli çoxdur.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması mövzusunda hazırlanmışdır.