Menu

NATO qoşunları Litva paytaxtını “alınmaz qala”ya çevirir – "REUTERS"

09.07.2023, 11:32
NATO qoşunları Litva paytaxtını “alınmaz qala”ya çevirir – "REUTERS"

NATO Vilnüsdə keçiriləcək sammit zamanı ABŞ Prezidenti Co Bayden və digər alyans liderlərini qorumaq üçün şəhəri qabaqcıl silahlarla müdafiə olunan qalaya çevirib.

“AzPolitika.info” “Reuters”ə istinadla xəbər verir ki, Vilnüsün Belarus sərhəddindən cəmi 32 kilometr məsafədə olduğunu nəzərə alaraq, NATO sözügedən şəhərin mühafizəsini gücləndirməyi qərara alıb.

NATO-nun 11-12 iyul sammitini qorumaq üçün, üzv ölkələr tərəfindən ümumilikdə 1000-ə yaxın əsgər göndərilib. Bəzi dövlətlər isə Baltikyanı ölkələrin çatışmayan hava hücumundan müdafiə sistemlərini təmin edir.

Litva Prezidenti Gitanas Nauseda, "Bayden və 40 ölkənin liderləri gəldiyi üçün səmamızın müdafiəsiz qalması məsuliyyətsizlikdən daha çox məsuliyyətsizlik olardı" deyib.

Baltikyanı ölkələr - Litva, Estoniya və Latviya, vaxtilə Moskvanın hakimiyyəti altında olub, lakin 2004-cü ildən həm NATO-nun, həm də Avropa Birliyinin bir hissəsidir. Bu dövlətlər öz iqtisadiyyatlarının 2%-dən çoxunu müdafiəyə sərf edir ki, bu da digər NATO müttəfiqlərindən daha böyük paydır.

Ancaq ümumi əhalisi təxminən 6 milyon nəfər olan bölgə üçün bu, böyük orduları saxlamaq, öz döyüş təyyarələrinə və ya təkmil hava hücumundan müdafiə sisteminə investisiya qoymaq üçün kifayət deyil.

Almaniya burda ballistik və qanadlı raketləri və ya döyüş təyyarələrini tutmaq üçün istifadə edilən 12 maşın “Patriot” raket buraxılış qurğusunu yerləşdirib.

İspaniya NASAMS hava hücumundan müdafiə sistemi gətirdi, Fransa “Sezar” özüyeriyən haubitsaları göndərir, Fransa, Finlandiya və Danimarka Litvada hərbi təyyarələr yerləşdirir, Böyük Britaniya və Fransa pilotsuz təyyarələrə qarşı imkanlar verir.

Polşa və Almaniya helikopterlə gücləndirilmiş xüsusi əməliyyat qüvvələri göndərir. Digərləri potensial kimyəvi, bioloji, radioloji və nüvə hücumları ilə mübarizə üçün qruplar və avadanlıqlar göndərirlər.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol