Ötən ilin dekabrın 16-da Azərbaycan Milli Məclisi "Siyasi Partiyalar haqqında" yeni qanun qəbul edib. Yanvarın 11-də Prezident İlham Əliyev qanunu imzalayıb, onun mətni yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da qüvvəyə minib. Dövlət başçısı "Siyasi partiyalar haqqında" Qanunun tətbiqi haqqında fərman da imzalayıb.
"Siyasi Partiyalar haqqında" qanuna görə, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq.
Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.
Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməyəcək.
Yeni qanun qüvvəyə mindikdən sonra dövlət qeydiyyatına alınmış 59 siyasi partiyanın 34-ü fəaliyyətini dayandırdığını elan edib. Onların arasında keçmiş dövlət katibi Lalə Şökətin liderlik etdiyi Azərbaycan Liberal Partiyası, keçmiş deputat, mərhum Araz Əlizadənin sədri olduğu Azərbaycan Sosial Demokrat Partiyası, keçmiş deputat Qulamhüseyn Əlibəylinin rəhbərlik etdiyi Aydınlar Partiyası və ölkənin ictimai-siyasi həyatında iştirak etmiş başqa partiyaları göstərmək olar.
Müəyyən edilmiş qaydaya görə, partiyalar bu qanun qüvvəyə mindikdən 6 ay ərzində qeydiyyat üçün yenidən Ədliyyə Nazirliyinə müraciət etməlidirlər. İyulun 12-si müraciət üçün son gün hesab olunur. Qanuna görə, partiyalar müraciət etdikdən 1 ay müddət ərzində Ədliyyə Nazirliyi onlara qeydiyyata alınıb-alınmadıqları barədə məlumat verməlidir.
Fəaliyyətini davam etdirən partiyalara telefon açıb, yeni qanunun tələbi ilə bağlı hansı addımları atdıqlarını öyrədik.

Vətəndaş Həmrəyli Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı “AzPolitika.info”ya açıqlamasında bildirdi ki, iyulun 5-də partiya üzvlərinin siyahısı Ədliyyə Nazirliyinə təqdim edilib.
“10 min üzvümüzü təqdim etmişik, ümid edirik, qanunda nəzərdə tutulmuş müddətdə cavab alacağıq”, - VHP sədri qeyd edib.

Musavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirdi ki, partiya üzvlərinin bir hissəsinin reyestri Ədliyyə Nazirliyinə təqdim olunub.
“Qanuna görə bir ay müddətində araşdırıb bizə cavab verməlidirlər” –deyə, o, qeyd etdi.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirdi ki, iyunun 5-də üzvlərin siyahısını Ədliyyə Nazirliyinə göndəriblər. Onun sözlərinə görə, reysterdə 5854 nəfər AXP üzvünün adları var.

İyunun 24-də qurultay keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sosial şəbəkədə üzvlərinin siyahısının Nazirliyə təqdim olunduğunu açıqlayıb.
"Siyasi partiyalar haqqında" yeni qanun fakt olaraq mövcuddur və tətbiq olunur. Qanunun tələb etdiyi 5 min nəfərdən xeyli artıq AXCP üzvünün reyestrini Ədliyyə Nazirliyinə təqdim etdik. Partiyanın ali kollegial orqanı partiyanın hüquqi qeydiyyatını qoruyub saxlamaq üçün sonadək çalışmaq qərarı verdi. Heç bir AXCP üzvünün anket məlumatlarını onun özü ilə müzakirə etmədən Ədliyyə Nazirliyinə təqdim etməmişik” – deyə, partiya sədri yazıb.

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər isə “AzPolitika.info”ya bildirdi ki, yeni qanunda tələb olunan üzv sayını təmin edə bilməyiblər: “Bizim o qədər üzvümüz yoxdur, ona görə də Ədliyyə Nazirliyinə müraciət etmədik”.
S.Əkbər AzDP-nin buraxılması barədə qərar verməyəcəklərini açıqlayıb: “Bizim elə bir niyyətimiz yoxdur”.

Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü bildirdi ki, iyulun 5-də 6 min civarında partiya üzvünün reyetsr məlumatları Ədliyyə Nazirliyinə təqdim edilib.

ReAL Partiyasının sədri İlqar Məmmədov isə bildirib ki, üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə iyunun 13-də çatdırıblar: “Həmin tarixdən 30 gün sonra, yəni 13 iyulda rəsmi cavab gözləyirik”.
İ.Məmmədov daha sonra öz “facebook” səhifəsində yazıb ki, nazirlikdən partiya üzvlərinə zəng edib REAL üzvü olub-olmadıqlarını soruşublar.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, partiyanın 5150 üzvünün adı Ədliyyə Nazirliyinə təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın siyasi sistemində yerini qorumağa iddialı olan partiyalar bununla məhdudlaşmır. Onların sırasında deputat Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP, deputat Fazil Mustafanın rəhbərlik etdiyi BQP, deputat Asim Mollazadənin lideri olduğu Demokratik İslahatlar Partiyası, Tural Abbaslının başçılıq etdiyi Ağ Partiya, deputat Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyası, keçmiş deputat İqbal Ağazadənin rəhbərlik etdiyi Ümid Partiyası və s. göstərmək olar.
“AzPolitika.info”nun əldə etdiyi məlumata görə adıçəkilən partiyaların hamısı reyestr məlumatlarını Ədliyyə Nazirliyinə təqdim ediblər. Hər halda avqusutun 12-ə qədər Azərbaycan siyasi sisteminin “qanuni üzvlərinin” hansı siyasi təşkilatlardan ibarət olacağı məlum olacaq.
Ekspertlərə görə, siyasi səhnədə islahatlar başa çatdıqdan sonra ölkədə konstitusiya referendumu elan oluna bilər. Hökumət bu zaman proporsional seçki sisteminin bərpasını və Milli Məclisdə deputat mandatlarının sayının artırılmasını təklif edə bilər. Siyasi partiyalar bu perspektivdən faydalanmağa çalışırlar.
Rasim Əliyev
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanmışdır.


Şərhlər
Partiyaları ləğv etmək Azərbaycan üçün çox önəmlidir.İlk başda da tərkibində daha çox Rusiya casuyslarıl olan YAP buraxılmalıdır.