Menu

Ukraynanın XİN başçısının gələn həftə Pakistana səfəri gözlənilir

13.07.2023, 17:53
Ukraynanın XİN başçısının gələn həftə Pakistana səfəri gözlənilir

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba gələn həftə Pakistana rəsmi səfərə gedəcək.

Ukrayna XİN başçısının İslamabada bu səfəri həm Qərb ölkələri, həm də davam edən münaqişə səbəbindən rəsmi Moskva tərəfindən diqqətlə izlənəcək.

Rəsmi mənbələr “The Express Tribune”-a bildirib ki, Dmitri Kuleba iyulun 20-də Pakistana səfər edəcək. O, pakistanlı həmkarı Bilaval Bhutto Zardari ilə görüşəcək, D.Kubela çox güman ki, Baş nazir Şahbaz Şərif və hərbi hakimiyyət orqanları ilə də görüşəcək.

Pakistan və Ukraynanı hərbi də daxil olmaqla ikitərəfli münasibətlər bağlasa da, Ukraynadakı müharibə Kulebanın səfəri zamanı gündəmin əsas mövzusu olacaq.

Səfərlə bağlı hər iki tərəfdən rəsmi təsdiq yoxdur.

Adının açıqlanmasını istəməyən yüksək rütbəli məmur bildirib ki, Ukrayna Xarici İşlər nazirinin gözlənilən səfəri Pakistanın münaqişəyə balanslı yanaşmasını vurğulayır.

Pakistan, keçən ilin fevral ayında Rusiya Ukraynaya hücum etməyə başlayandan bəri Qərbin tərəf tutmaq təzyiqinə müqavimət göstərir.

İslamabad Moskvanın hərəkətini pisləməkdən imtina edib, eyni zamanda Ukraynaya humanitar yardım göndərib və münaqişənin siyasi həllinə çağırıb. Pakistan BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnaməyə səsvermədə üç dəfə bitərəf qalıb.

Pakistanın Ukraynaya silah tədarük etdiyi barədə məlumatlar var idi ki, bu da İslamabad tərəfindən qətiyyətlə təkzib edilib. Aprel ayında BBC-yə müsahibəsində Ukrayna ordusunun 17-ci tank batalyonunun komandiri Pakistan da daxil olmaqla, digər ölkələrdən raketlərin alınmasından danışıb. Lakin Xarici İşlər Nazirliyi Rusiya ilə davam edən münaqişədə Ukraynaya hər hansı döyüş sursatı veriləcəyi ilə bağlı iddiaları qətiyyətlə rədd edərək, ölkənin ciddi neytrallıq siyasətinə riayət etdiyini israr edib.

“Bu tribunadan keçmişdə dediklərimizi bir daha təkrar edərdim. Pakistan Ukrayna və Rusiya arasındakı mübahisədə ciddi neytrallıq siyasətini davam etdirir və bu kontekstdə onlara heç bir döyüş sursatı vermir. Lakin biz başa düşməliyik ki, Pakistanın keçmişdə Ukrayna ilə güclü hərbi əlaqələri olub” - Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç apreldə həftəlik mətbuat brifinqində deyib.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol