Xankəndidəki qanunsuz rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın həbsinin səbəbi məlum olub.

Ermənistan mediasının məlumatına görə, bu barədə onun vəkili Rafael Martirosyan açıqlama verib.

Onun sözlərinə görə, Balasanyan “hakimiyyət nümayəndəsi”ni hədələdiyi üçün saxlanılıb.

“Balasanyan xidməti vəzifələrini yerinə yetirərkən xidməti orqanın nümayəndəsinə və ya onun yaxın qohumuna qarşı zorakılıq tətbiq etməklə hədələməkdə ittiham olunur. Həbsdən sonra ona bədən xəsarətləri yetirilib. Balasanyanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu saxlanılıblar”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycanın Əsgəran qəsəbəsində “general” Vitali Balasanyan və onun oğlu Artur saxlanılıblar. Həbsdən əvvəl qondarma rejimin “milli təhlükəsizlik xidməti”nin “əməkdaşları” Balasanyanın mənzilində 40 dəqiqə axtarış aparıblar. Vitali Balasanyan külli miqdarda çirkli pulların yuyulmasında, oğlu isə 2021-ci ildə arıçılıq təsərrüfatı üçün götürdüyü 74,5 milyon dram (312,5 min manat) məbləğində “dövlət krediti”nin şərtlərini yerinə yetirməməklə “dövlət”ə ziyan vurmaqda ittiham olunur.

***

Xankəndidə separatçı rejimin keçmiş “təhlükəsizlik şurasının katibi”, Xocalı qatili Vitali Balasanyan həbs olunub.

Musavat.com xəbər verir ki, separatçı rejim Balasanyanı maxinasiyada ittiham edir.

Məlumata görə, Balasanyan separatçı rejimin qondarma “kənd təsərrüfatına dəstək fondu”ndan kredit alıb, lakin bu krediti təyinatı üzrə xərcləməyib. Bu, 44 günlük müharibədən sonra, 2021-ci ilin iyun ayında baş verib. Həmin vaxt Balasanyan qondarma “təhlükəsizlik şurasının katibi” idi, görünür, “vəzifəsindən” istifadə edib.

Lakin erməni mənbələr Balasanyana qarşı “tuşonka 2" əməliyyatının keçirildiyini yazır.

“Hraparak” nəşri yazır ki, Balasanyan və oğlunun həbsi 2018-ci ildə erməni general Manvel Qriqoryanın (xəstəlikdən öldü-red) işi ilə müqayisə olunur, bunu “tuşonka 2" əməliyyatı adlandırırlar. Manvel Qriqoryan erməni hərbçilərin “tuşonka” payını satmaqda ittiham olunurdu. Məlumata görə, Balasanyan çirkli pulların yuyulmasında, həmçinin, erməni hərbçilər üçün göndərilən siqaretlərin satılmasında ittiham olunur. Onun 2016-cı il aprel müharibəsində 80 milyon dram mənimsədiyi deyilir.

“Aravot” saytı yazır ki, “tuşonka 2" əməliyyatında Balasanyan, oğlu və əmisi həbs olunub. Onun Əsgərandakı evinə maskalıların girdiyi, 40 dəqiqə axtarış aparıldığı və qolları burularaq aparıldığı deyilir. Balasanyanın döyüldüyü haqda da məlumatlar yayılıb.

Balasanyanın həbsi əslində separatçılar arasında qarşıdurmanın nəticəsidir. Bu ilin yanvarında o, qondarma “vəzifəsindən” uzaqlaşdırıldı. Məlumatlara görə, buna səbəb Ruben Vardanyanın onunla yola getməməsi olub. Daha sonra Vardanyan da “postundan” uzaqlaşdırılsa da, Balasanyan geri qaytarılmadı. 

Balasanyana qarşı “Azərbaycanla əlaqə qurmaq” ittihamı da irəli sürülürdü. Lakin bu təsdiqini tapmayıb. Vitali onsuz da “vəzifədə” deyildi və təsir rıçaqları əvvəlki kimi qalmamışdı, buna baxmayaraq, onun həbs edilməsi maraqlıdır. Burada bir neçə ehtimalı ola bilər. Mümkündür ki, separatçı rejimin “rəhbərliyi” Balasanyanı özlərinə qarşı hələ də potensial təhlükə olaraq görürlər. Yaxud Balasanyanın mənimsədiyi pulları geri almaq niyyətindədirlər.

Hələ ki, Vitali Balasanyanın həbsinin gerçək səbəbləri tam məlum deyil, lakin bunun separatçılar arasında qarşıdurmanın nəticəsi olduğu sirr deyil.