"NATO üçün kritik əhəmiyyət kəsb edən Suvalki dəhlizi bir neçə saat ərzində hədəfə alına bilər. "Vaqner" hərbçiləri Baltikyanı ölkələrlə NATO ölkələri arasında yerləşən və kritik önəm kəsb edən Suvalkiyə doğru irəliləməyə hazırdırlar".

"AzPolitika.info" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov dövlət televiziyasının efirində çıxış edərkən deyib.

"Aydındır ki, "Vaqner" silahlı qüvvələrə təlim keçmək üçün Belarusa gedib. Suvalki dəhlizi deyilən bir yer var. Əgər nəsə olsa, bura bizə lazım olacaq. "Vaqner" bir neçə saat ərzində Suvalki dəhlizinə getməyə hazırdır”- deyə, o, bildirib.

Məlumata görə, Litva və Polşa arasındakı sərhədi ayıran 100 km-ə yaxın uzunluğundakı Suvalki dəhlizi həm NATO, həm də Rusiya üçün böyük strateji əhəmiyyətə malikdir. Rusiyaya qarşı ən həssas ölkələr kimi görünən Litva, Latviya və Estoniya ilə yeganə quru əlaqəsi buradan keçir. Əgər Rusiya Suvalki dəhlizini ələ keçirsə, Baltik Donanmasının əsas bazası olan Kalininqraddan Putinin ən yaxın müttəfiqi Belarusa yeni quru əlaqəsi açılacaq.

Qeyd olunur ki, A. Kartapolovun bu açıqlamaları Polşa və Litvanı xeyli narahat edib. Polşa Moskvadan gələn təhlükə səbəbindən artıq sürətlə silahlanır, NATO Baltikyanı ölkələrdə mövcudluğunu gücləndirir, Almaniya isə Litvada daimi olaraq 4000 hərbçi yerləşdirməyə hazırlaşır.

Qərb mətbuatı isə iddia edir ki, Rusiyanın Suvalki dəhlizini hədəfə alması dünya müharibəsinə səbəb ola bilər.

"AzPolitika.info"