Politoloq Nəsimli Məmmədli Qarabağ problemi ətrafında gedən proseslər, Azərbaycanın Qarabağda dövlət suverenliyini bərpa strategiyası, Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin perspektivi, habelə ölkədə keçirilməsi gözlənilən referendumla bağlı “AzPolitika.info”nun suallarını cavablandırıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Nəsimi bəy, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ərəfəsində Xankəndinə baş verənlər, daha sonra Rusiyadan Azərbaycanın sərt etirazına səbəb olan mövqe nümayişi... Bunlar nədən xəbər verir?

- ABŞ-ın və Avropa İttifaqının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları tərəflər arasında daha etimadla qarşılanır. Hər iki dövlətin hökumətlərinin və cəmiyyətlərinin mövqeyi bu danışıqlar prosesində bir-birinə çox yaxındır. Belə ki, bu prosesdə məhz tərəflərin razılaşdıqları məsələlər müzakirəyə çıxarılır. Yüz ildən çoxdur davam edən, son 35 ildə kəskin xarakter alan düşmənçilik, xalqlar arasında qalıcı sülhə nail olmağın çətinliyini göstərir. Tərəfləri tamamilə qane edən böyük sülh sazişinin tezliklə imzalanması real deyil. Amma mövqeləri yaxınlaşdıran, etimadı artıran çərçivə sənədlərinin yaxın gələcəkdə imzalanması mümkündür. Azərbaycanla Ermənistan arasında sülhü istəməyən bütün regional və qlobal güclər tərəflər arasında gərginliyin davam etməsində maraqlıdır. Xüsusilə də bu istiqamətdə Rusiya daha fəal pozuculuq edir. Separatçıların hərbi-siyasi himayəsini davam etdirir.

- Aydın görünür ki, Rusiya sülh prosesinə müdaxilə etməyə, tərəflərə təzyiq göstərək onları çəkindirməyə çalışır. Bu tendensiya Bakı-Moskva münasibətlərin gələcəyinə necə təsir edəcək? Daha böyük gərginlik mümkündür?

- Rusiya-Ukrayna müharibəsinin yaratdığı hazırkı geosiyasi şərait Rusiyanın regional təsir gücünü zəiflədir. Qonşular rahat nəfəs almaq fürsəti əldə edib. Qonşulara qarşı işğalçılıq niyyətindən imtina etməyən rəsmi Kremlin bu reallığı qəbul etməsi çox çətindir. Amma başqa cür davranmaq imkanları da məhduddur. Rəsmi Bakı Rusiyaya qarşı təmkinli və ehtiyatlı siyasət yürüdür. Mümkün qədər onunla sərt qarşıdurmadan yayınmağa çalışır. Rusiya ilə normal münasibətlərin mümkün olduğu qədər davam etməsinə nail olmaq ölkəmizin maraqlarına uyğundur. Rusiya da Azərbaycanla sərt qarşıdurmadan qalib çıxa bilməyəcəyini anlayır. Qərbin sanksiyaları altında olan Rusiya üçün Azərbaycanın, Türkiyənin önəmi xeyli çoxdur. Rəsmi Kremlin Azərbaycanla gərginliyi daha da artıracağına inanmıram. Əgər belə bir addım atarsa, təxribatlar törədərsə Azərbaycan adekvat addımlar atmaq imkanındadır.

- Azərbaycan Qarabağdakı separatçı rejimi və onun "müdafiə ordusunu" ləğv etməkdə qərarlıdır. Bakının həm Ermənistana, həm də separatçılara hazırkı təzyiq siyasəti yetərlidirmi, yoxsa güc tətbiqi qaçılmazdır?

- Rəsmi Bakı Ermənistanla sülh üçün keçən ilin martında 5 baza prinsipi təqdim etmişdi. Danışıqlar əsasən bu prinsiplər üzərində aparılır. Bundan əlavə Azərbaycan Ermənistanla sülhün iki əsas şərtini irəli sürüb: 10 noyabr Üçtərəfli Bəyanatın 4 və 9-cu bəndləri icra olunmalıdır. Erməni silahlı qüvvələri Qarabağdan tamamilə çıxarılmalı və Zəngəzur dəhlizi açılmalıdır. Ermənistan hökuməti və Rusiya sülhməramlı kontingenti bu işi icra etməyəcəksə, o zaman Azərbaycan öz ərazilərindəki silahlı quruplaşmaları özü çıxarmalı olacaq. Bu istiqamətdə diplomatik təmasların tam tükəndiyini dəqiq bilmirik. Əgər silahlı müdaxilədən başqa seçim qalmayacaqsa, Azərbaycan 44 günlük müharibədə olduğu kimi, yenə də bu qətiyyətli addımı atmalıdır. Kommunikasiyaların açılması ilə bağlı diplomatik imkanlar hələ var. Gələcəkdə “dəhliz”, yaxud “yol” məsələsini tərəflər razılaşdıra bilər.

- Güc tətbiqi baş verərəsə, Rusiya və Qərbin ona reaksiyası, habelə Türkiyənin Azərbaycana dəstəyi nədən ibarət ola bilər?

- Azərbaycan hakimiyyəti Ermənistanı sülh prosesinə güc vasitəsilə gətirib. Ermənistan 26 il BMT qətnamələrinə məhəl qoymayıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycanı məğlubiyyətlə barışmağa səsləyirdilər. Elə ki müharibəni uduzdu, oldu “sülh göyərçini”. Azərbaycan öz suveren ərazisinə sahib olmaq üçün heç kimdən icazə almalı deyil. Bu məsələdə istənilən beynəlxalq təzyiqə qarşı ölkə ictimaiyyəti hakimiyyətə açıq dəstək verəcək. Azərbaycanın müttəfiqləri yenə də açıq dəstəyini verəcək. Rusiyanın bu məsələdə neytral qalmasına nail olmaq arzuolunandır. Başqa seçim qalmayacaqsa, hakimiyyət Azərbaycan cəmiyyətini yenidən səfərbər etməlidir.

- Bəzi ekspertlər Brüssel görüşünün Azərbaycanın maraqları üçün o qədər də uğurlu olmadığını deyirlər. Sizin qənaət necədir, bu görüş gələcək sülh müqaviləsi üçün irəliləyiş sayıla bilər?

- Danışıqlar hələ iki qütb arasında davam edir. Prosesdə tərəflər üçün Rusiya və Qərb arasında seçim şərti, məcburiyyəti yoxdur. Tərəflər bu imkandan öz maraqlarına uyğun yararlanmaq istəyir. Azərbaycan istər Qərbdə, istərsə də Rusiyada aparılan danışıqlardan hələki zərərlə çıxmayıb. Sonuncu, 6-cı Bürüssel görüşündə də Azərbaycanın zərərinə olacaq heç bir sənəd imzalanmayıb. Düşünürəm ki, Azərbaycanın zərərinə olacaq sülh sazişinin imzalanması artıq çətindir. Sadəcə olaraq, zamanı öz lehimizə işlətməkdə davam etməliyik. Qaldı sülh müqaviləsi üçün irəliləyişin olmasına, hələ bu barədə danışmaq tezdir. Rusiyanın Ukrayna müharibəsindəki vəziyyəti regiondakı proseslərin gələcəyini müəyyən edəcək.

- Rusiyayla Azərbaycan arasında gərginliyin yüksəlməsi Moskvanın başqa sahələr üzrə təzyiqlərə və təxribatlara əl atmasına gətirib çıxara bilərmi?

- Qeyd etdiyim kimi, Rusiya etibarlı qonşu, dost, müttəfiq deyil. İşğalçılıq niyyətindən vaz keçə bilməyən, imperialist xisləti ilə özünü uçuruma sürükləyən böyük bir dövlətdir. Ondan hər cür neqativ davranış gözləniləndir. Əgər imkanı olsa hər cür təxribata əl atmaq istəyər. Biz mümkün qədər bu mərhələdə Rusiya ilə gərginliyin artmasından yayınmalıyıq. Amma bütün daxili resurslarımız və xarici müttəfiqlərimizlə onun edə biləcəyi təxribatların qarşısını almalıyıq.

- Azərbayacanda daxili siyasi durum beynəlxalq vəziyyətin indiki həssas dönəmində hakimiyyət üçün nə qədər əlverişlidir?

- Məsələyə hansı bucaqdan baxmaq önəmlidir. Ölkədə əhalinin sosial-siyasi vəziyyətinə uyğun yanaşmalar da dəyişir. Ölkədə siyasi münasibətlər sistemi nə qanunlarla, nə beynəlxalq konvensiyalarla, nə də siyasi ənənələrlə tənzimlənir. Hazırkı siyasi münasibətləri hakimiyyətin əlindəki gücü tənzimləyir. Əksəriyyət vətəndaşlar siyasi prosesləri kənardan izləyir. Siyasi azadlıqlar və hüquqlar əsasən təmin olunmur. Ölkədə hakimiyyəti daxili resurslarla dəyişmək gücündə olan ictimai-siyasi təşkilatlar yoxdur. Əhalinin sosial vəziyyətindən (zəngin və ya yoxsul) asılı olmayaraq, əksəriyyət ölkədə təhlükəsizlik və sabitliyin möhkəm olmasında maraqlıdır. 30 il öncə Ermənistanla müharibədə ağır məğlubiyyətin səbəbini sabitliyin və təhlükəsizliyin kövrək olduğunda görən böyük çoxluq var. 30 il öncə müharibədə alınan məğlubiyyət əhalinin orta və yaşlı nəslində dərin psixoloji və fiziki zədə yaradıb, çox silinməz iz buraxıb. Odur ki, çoxluq sabitlik və təhlükəsizlik naminə bir çox siyasi və mülki hüquqlarına etinasız yanaşır. Əksəriyyət insanlar “demokratiya və hüquqlar” məsələsinə “sabitlik və təhlükəsizlik” məsələlərindən daha az önəm verir. Bu isə hakimiyyətə demokratik azadlıqları daha da məhdudlaşdırmaq üçün əlavə imkan yaradıb. Azərbaycandakı daxili siyasi vəziyyət hakimiyyətin tam nəzarətindədir.

- Azərbaycan cəmiyyətində hakimiyyətdən referendum gözləntisi var, deputat Erkin Qədirli bildirib ki, bu akt payızda baş tuta bilər. Bu hansı zərurətdən irəli gəlir, hansı dəyişikliklər labüddür?

- Azərbaycanda referendumların keçirilməsində zaman intervalı 7 ildir. Bunu heç bir hüquqi-siyasi zərurətlə izah etmək mümkün deyil. 1995, 2002, 2009, 2016 və indi 2023. Bu ardıcıllığa baxsaq, izahı olmasa da, deməli yeni referendumun vaxtı çatıb. Amma referendumu zəruri edən hüquqi və siyasi məsələlər də var. Ölkədə mövcud inzibati idarəetmə sisteminin dəyişdirilməsi gözlənilir. Ölkədə inzibati bölgü regionlar üzrə aparıla bilər. Naxçıvan MR-nın hüquqi statusu ilə bağlı yenilik gözlənilir. Ermənistanla sülh danışıqlarını izləyən beynəlxalq ekspertlər Naxçıvanın statusunu nümunə kimi Qarabağ ermənilərinə də tətbiq etməyin mümkünlüyünə işarə vurur. Odur ki, bu istiqamətdə dəyişiklik gözlənilir. Ölkədə parlamentin say tərkibi, dairələr üzrə seçici sayı və MM-in seçilməsi prosedurunun dəyişəcəyi ehtimal olunur. Seçki sisteminin (proporsional) dəyişməsi ilə partiyaların siyasi proseslərdə rolu arta bilər. Azərbaycan yeni dünya düzəninin yaradacağı beynəlxalq şərtlərə hazır olmalıdır. 2030-cu ilədək bu prosesin yekunlaşacağı gözlənilir.

E.Rüstəmli

“AzPolitika.info”