Əlbəttə, Şuşanın bərpası başlanılıb, bir müddət əvvəl Baş plan təsdiq edilib və indi artıq ilk yaşayış binasının inşası layihəsi başlanıb. Həmin layihələr çərçivəsində Şuşa sakinləri evlərinə qayıdacaqlar.
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaq, insan axını olacaq. Çünki bu, unikal, misilsiz məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir”.
"Bu şəhər (Şuşa – red.) qaya üzərində qurulub, qədim şəhərdir. Bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır" - deyə, Prezident İlham Əliyev əlavə edib.
Hazırda tarixi memarlıq abidələrinin bərpa olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı üç məscidin yenidən qurulduğunu da qeyd edib.
“Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu, yeni yollar yaradılıb. Bu ilin sentyabr ayında biz 1000 şagird yerlik məktəbin açılışını edəcəyik. 90 çarpayılıq xəstəxana ilin sonuna qədər hazır olacaq. Şuşada bütün işlər Baş plan əsasında aparılır”, - Prezident İlham Əliyev vurğulayıb.


Şərhlər