Etibar ƏLİYEV

“Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”. Heydər Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda cəmiyyətə olduqca maraqlı mesajlar verdi.

Fikrimcə, Ümummili liderimiz Heydər Əliyevin “əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik” fikri məhz uzaqgörənliklə 4-cü sənaye inqilabını nəzərdə tutur. Bu inqilab bir-biri ilə qarşılıqlı əlaqədə olan texnologiyaların köməyi ilə siyasətçilər, texnoloji liderlər, bütün dünyanın vətəndaşları, bütün sosial qruplar, media təmsilçiləri arasında ictimai diskussiyaları müəyyənləşdirmək imkanları yaradır.

Ortaya çıxan ilk suallar bunlardır:

- Yeni texnologiyalar bizim davranışımıza necə təsir göstərir?

- Biz onlara olan münasibətimizi necə dəyişməliyik?

Unutmamalıyıq ki, sınırları aramsız gərginlikdən tarıma çəkilmiş bəşəriyyətin hər hansı bir nöqtəsinə toxunan kimi onun titrəyişi bütün Yer kürəsinə yayılır. 4-cü Sənaye İnqilabı bir sistemdir. Sistem dedikdə biz iqtisadi, siyasi və sosial həyatımız üçün vacib olan normaları, qaydaları, gözləntiləri, gündəlik formalaşan davranışları, stimulları, infrastrukturu, resursları nəzərdə tuturuq.

Yeni texnologiyalara əsaslanan sistem insanlara geniş seçim imkanları təqdim edir, perspektiv və şəxsi həyata nəzarət etmək azadlığı verir. Nəticədə müasir dövrün əsas paradiqması olan Sistem təfəkkürün formalaşması üçün yeni üfüqlər açılır. Yeni texnologiyalar yaxşı və pis məqsədlər üçün istifadə oluna bilər. Reallıqda isə texnologiyalar müəyyən dəyər daşıyırlar. Biz bu prinsipi tanımalı və innovasiya prosesinin bütün mərhələlərində bunları müzakirə etməliyik.

Dünya İqtisadi Forumunun sədri, 4-cü Sənaye İnqilabı ideyasının müəllifi Klaus Şvab haqlı olaraq deyib ki, 4-cü Sənaye İnqilabı ilk mərhələdə olduğundan bizdən çox sey asılıdır: “Yeni texnologiyaların tənzimlənməsi üçün ictimai və qanunvericilik normaları yenidən formalaşır. Bizim həyatımızı dəyişən texnologiyaların inkişafında hamının iştirakı vacibdir.”

4-cü Sənaye İnqilabı təlqin edir ki, bu keçid dövründə hamının üzərinə böyük məsuliyyət düşür. Bizim imkanlarımız var ki, yeni texnologiyaları ümumi mənafeyimizə yönəldək. Biz bunu insan ləyaqətinin qorunmasına, ətraf aləmin mühafizəsinə yönəltməliyik. Bu da ayrı-ayrı fərdlərə, cəmiyyətlərə və hökumətlərə birbaşa təsir edən texnologiyaların dərindən əxz olunmasını və yeni təfəkkür tərzini (sistem təfəkkür) tələb edir. Qeyri-xətti təfəkkür qaçılmazdır.

4-cü Sənaye İnqilabı cəmiyyətin inkişafına ümidlər yaradır. Buna nail olmaq üçün 3 mühüm şərtə əməl etmək lazımdır: Birincisi, texnologiyaların rifaha xidmət etməsi üçün ədalətli paylanmasıdır. İkincisi, neqativ effektlərdən yaxa qurtarmaq lazımdır. Üçüncüsü, yeni texnologiyaların imkanları dayanmadan genişləndirilməlidir.

4-cü Sənaye İnqilabının texnologiyaları bir-biriləri ilə əlaqəlidir. Onlar rəqəmsal imkanları genişləndirirlər və bir-birilərini tamamlamalıdırlar. Bunun üçün biz texnologiayalara sadə alətlər kimi baxmamalıyıq. Bunun əvəzində biz başa düşməyə çalışmalıyıq ki, onlar dəyərlərlə necə uzlaşırlar? Və onlardan necə istifadə etməliyik ki, rifaha xidmət etsinlər.

Beləliklə 4-cü Sənaye İnqilabı bütün sahələrdə olduğu kimi jurnalistlərdə də sistem təfəkkürün formalaşmasını və dəyərlərin qorunmasını tələb edir. Müasir medianın əsas paradiqmaları bunlar olmalıdır.

4-cü Sənaye İnqilabının “Etik kodeksi”ndə yazılır: “İctimayyətlə əlaqələri dəstəkləyin. Məsul rəhbərliyi mütəmadi olaraq məlumatlandırın və məsləhətlər aparın. Bu, faktlara söykənən qərar qəbul etməyə köməklik göstərəcək. Himayəçi olun, potensiallarını realizə etmək istəyənlərlə təcrübənizi bölüşün və kollektivin inkişafına çalışın.”

Qeyd edilənləri kommunikasiyanın əsas prinsipləri kimi də dəyərləndirmək olar...

Kənar effektlərin idarə olunması və humanist gələcəyə zəmanət verilməsi bu inqilabın əsas fəlsəfəsidir.

Bununla yanaşı çap mediasının da inkişafı nəzərdən qaçmamalıdır. Qəzet həm də arxivdir. Bütün dünyada arxivlər qorunur. Biz Yeni Medianın arxivini də qorumalıyıq.

Milli Mətbuat Günümüz mübarək!