Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında işəgötürən işçini vurduğu ziyana görə məhkəməyə müraciət edə bilməsi ilə bağlı qərar qəbul edilib.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Fərhad Abdullayevin sədrliyi ilə İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 2.3-cü və 882-ci maddələrinin, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.


Şərhlər
“Qərar dərc edildiyi gündən qüvvəyə minir,qətidir,heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna,dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz”,deyilir.Təfsir sözünün nə demək olduğunu anlamayanlara deyim ki,izah,müzakirə və təfsir başqa-başqa şeylərdir.Məsəla, “hər hansı müdir işçini səbəbsiz yerə işdən çıxardığında əgər o işçi desə ki,səndən şikayət edəcəyəm,müdir deyəcək məndən şikayət etsən mən də şikayət edəcəyəm ki,mənə filan qədər ziyan vurmusan”,burada “filan qədər ziyan vurmaq”, o müdirin o işçini işdən çıxarması üçün izahdır.Əgər o işçi həqiqətən də o müdirə ziyan vurubsa və bu filan qədər faktlarla təsdiqlənirsə bu artıq təfsirdir.Yəni təfsir şairin bir fikrinin izahının bir neçə misralardakı deyimləriylə üst-üstə düşməsidir. Yəni başqa sözlə,təfsir izahın sübutudur.İzahların təfsirlə sübut edilmə deyişməsinə isə müzakirə deyilir.Odur ki,burada “təfsir oluna bilməz” cümləsi yerində işlənməmişdir.”Müzakirəyə çıxarıla bilməz” deyilməliydi.Çünki bir fikrin təfsir olunmasını istəməmək izahın sübuta yetirilə biləcəyindən ehtiyatlanmaq anlamındadır.