Bu gün Sumqayıt Hərbi Məhkəməsində “Tərtər İşgəncələri” üzrə ittiham olunanlardan daha bir qrupunun məhkəməsi keçirilib.
"Gununsesi.info"-nun xəbərinə görə, məhkəmədə ifadə verən general Bəkir Orucov sensasiyalı açıqlamalar verib.
İşgəncələrdə hər hansı günahının olmadığını iddia edən general məsuliyyətin başqalarına məxsus olduğunu deyib:
“Mən baş verənlərdən narahat idim. Tez-tez Mais Bərxudarova məruzə edirdim. Hər dəfə də baş verənlərdən narahatlığımı bildirirdim ki, bu məsələlər varsa, Hərbi Prokurorluq, yaxud da başqa qurumlar araşdırsın. Onun cavabı isə mənə mənfi olmuşdu. Mənə dedi ki, nazir Zakir Həsənov ona zəng vurub. Nazir Bərxudarovdan Hikmət Həsənovun korpusunda baş verənlərdən nümunə götürməsini istəyib. Mais Bərxudarov mənə “Nazir dedi ki, nədən qorxursan, Hikmət kimi işləyin, hamısını ifşa edin” deyə son və qəti sözünü bildirdi. Çünki ağır işgəncələr məhz Hikmət Həsənovun korpusunda baş verirdi. Ən çox ölümlər də bu korpusda oldu.
Mənim burada günahım yoxdur. Burada mühakimə olunacaq adam varsa, o da mən deyiləm”.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə cinayət əməlində şübhəli bilinən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov ötən il həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Görünən o ki, hələ ki Tərtər işi ilə bağlı məhkəmələrdə palan döymə əməliyyatları gedir. Hansı ki ifadələrdən də bəlli olyur ki, əsas fiqurlar istintaqdan və məhkəmələrdən kənarda saxlanılırlar. Baxmayaraq ki, cənab Prezident Tərtər işi ilə bağlı qalmaqallardan sonra özü bu işi şəxsən nəzarətə götürdü. Çünki, bu iş həm dövlətin həm də onun ordusunun imicinə kifayət qədər kölgə düşürdü. İnanaq ki, nəhayyət də ölkəmizdə hüquq və məhkəmə orqanları özlərində cəsarət tapıb, nəhayyət də kimliyindən və vəzifəsindən asılı olmayara hər kəsin bu məsələdə layiq olduğu cəzasının almasında öz qətiyyətlərini ortaya qoyacaklar.. İnşallah.