“Prezidentin ölümü psixoloji sarsıntı olsa da, ölkənin müdafiəsinə zərər verməyəcək. Volodimir Zelenksi müharibədə ölsə belə, Ukraynanın bir planı var”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “The Politico” nəşrində yayımlanan məqalədə bildirilir.

Məqalənin müəllifi qeyd edir ki, Zelenksinin rus qoşunları tərəfindən mümkün sui-qəsdə məruz qalması nə Ukrayna, nə də Qərb tərəfindən gözardı edilə bilməz.

“Politico” xatırladır ki, müharibənin ilk günərində Ukrayna rəsmilərinin dediyinə görə, ruslar Zelenskini aradan götürmək üçün bir neçə dəfə cəhd ediblər. Qeyd olunur ki, radikal rus deputatları və hərbi müxbirlər hələ də mövcud hakimiyyətə Zelenskini öldürməklə bağlı çağırışlar edirlər.

“Volodimir Zelenski dövlətin formal lideri deyil. O, Rusiyaya qarşı mübarizəyə beynəlxalq dəstəyin cəlb edilməsi istiqamətində böyük rol oynayır. Ona görə də, mövcud təhlükə səbəbindən Zelenskinin xarici səfərləri son dərəcə məxfi formada planlaşdırılır”, məqalədə bildirilir.

Nəşr qeyd edir ki, Ukrayna rəsmiləri bu barədə danışmaq istəməsələr də, Zelenski öləcəyi təqdirdə onların fəaliyyət planı var. Ötən il ABŞ dövlət katibi Entoni Blinken müsahibələrinin birində “Ukrayna hökumətin davamlılığı ilə bağlı ukraynalıların planları var” deyərkən faktiki olaraq bunu təsdiqləmişdi.

Formal olaraq konstitusiyaya görə, hakimiyyətin ötürülməsi xətti aydındır: “Prezident öz vəzifələrini yerinə yetirə bilməyəndə onun səlahiyyətlərini Ukrayna Ali Radasının sədri üzərinə götürür. Ali Radanın hazırkı sədri Ruslan Stefançukun əhali arasında o qədər də yüksək reytinqi yoxdur, lakin bu, çətin ki, problem yaratsın”.

Nəşr iddia edir ki, Zelenskinin yoxluğunda Stefançuk, Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksiy Reznikov birlikdə dövlətə rəhbərlik edəcək. Valeri Zalujnı isə ordunun baş komandanı postunda qalacaq.

“Politico” sonda qeyd edir ki, avtokratların öldürülməsi ölkənin təsisatlarında əhəmiyyətli dəyişikliklərə səbəb olsa da, demokratların ölümündə belə bir hal yaşanmır.

“AzPolitika.info”