Kremlə qarşı hərbi qiyamdan sonra hələ də qeyri-müəyyən durumda olan “Vaqner”-in gələcəyi ilə bağlı müxtəlif iddialar var. Bunlardan biri də “Vaqner”-in guya Polşa ərazisinə hücum edəcəyi, Belarusu və Rusiyanı Kalininqrad vilayətindən ayıran Suval dəhlizini tutacağı ilə bağlı iddialardır.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Administrasiyasının rəsmi nümayəndəsi Con Kirbi “Vaqner”-in Polşa başda olmaqla, NATO ölkələrinə yarada biləcəyi təhlükəni şərh edib. O, deyib ki, “Vaqner”-in Polşaya, yaxud hansısa başqa bir NATO ölkəsinə qarşı təhlükə yaratdığna dair ABŞ-a konkret heç nə məlum deyil. Buna baxmayaraq, Kirbi bildirib ki, ABŞ vəziyyəti diqqətlə izləyir.
Bayden administrasiyasında milli təhlükəsizlik məsələlərinə cavabdeh olan Kirbi qeyd edib ki, onlarda olan məlumatlara görə, “Vaqner”-in bir hissəsi Afrikaya göndərilib və orada “qeyri-stabilliyi artırmaqla” məşğuldur. Qalan “vaqnerçilər”-in bir hissəsi hələ də Ukraynadadır, bir hissəsi isə Belarusa yerləşdirilib. Ancaq bu qüvvələr NATO üçün təhlükə törətmir.
Kirbi onu da əlavə edib ki, ABŞ NATO nizamnaməsinin 5-ci bəndinə sadiqdir və Baydenin də dediyi kimi, NATO ölkələri ərazilərinin hər qarışı uğrunda döyüşməyə hazırdır.
“AzPolitika.info”


Şərhlər