"Çalış, pəncərənin yanında otur ki, Tanrı Dağlarını görə biləsən. Arzu tut, həyata keçəcək. Möcüzədir, hər adama qismət olmur…"
Səfər yoldaşım Aida Eyvazlı bunu elə inamla, elə ürəklə deyir ki, elə bilirəm, Tanrının dağlarını yox, özünü görəcəm…
Səhərə yaxın, buludların arasından Tanrı Dağlarının ağappaq zirvəsini görürəm, aşağı endikcə rənglər dəyişir və bizi qırmızımtıl səhralıq qarşılayır. Qədim, qutsal inancların qaynaqlandığı bu dağların ətəyində yerləşən Almatı hələ də Sovet aurasından xilas ola bilməyib. Bunu elə hava limanındaca hiss edirsən. Sovetdənqalma hava limanında hakim dil də dəyişməyib - daha çox ruscadır. Divarlardakı yazılardan tutmuş, yolçularla sərhədçilər arasında danışıqlara qədər hər yerdə... Qulağa hərdən qazax tükçəsi də dəyir.
Yoxlanış məntəqəsinə yaxınlaşanda məlum olur ki, pasportumu təyyarədə unutmaşam. Onu götürüb qayıdana qədər insan sayı qələbəliyə çevrilib.
Amma heç kim tələsmir, sanki hamı qınına çəkilib, səcdəyə gedib, tanrıyla pıçıldaşır.Pasportları yoxlayan sərhədçini görəndən sonra analayıram ki, tələsməyin heç bir mənası da yoxdu… Sənədə təkrar-təkrar baxır, möhürü götürür, monitora yenidən baxır, nəyisə qurdalayır və yenə pasportu vərəqləyir. Nəhayət, möhürü vurur, amma bir daha baxışı pasportdakı başqa möhürlərə zillənir. Sonra adamın üzünə belə baxmadan sənədi qaytarır. Arxayınlıq, xüsusi əda, bəlkə bir az da özündənrazılıq… Astagəlliyə əsəbiləşsəm də, nədənsə arxayınlığı və təkəbbürü xoşuma gəlir. Sovet dönəminin ab-havası çəkilməsə də, bir türk məmləkətinin sərhədçisi elə belə olsa yaxşıdır.
Məntəqədən uzaqlaşırdım ki, sərhəd iti lapdan üstümə cumur. Ani qərarla qaçmağa başlayıram, mühafizəçilər duruxur, sonra yeyin addımlarla qarşımı kəsirlər. Tərəddüd etsələr də, şübhəli sərnişin kimi məni skayner aparatında keçirirlər. Təbii ki, heç nə çıxmır…

Bizi qarşılayan Naziyə Bisenova məni heyrətləndirir. Bu qədər astagəl adamların arasında yalnız o, bir dəqiqə dayanmır. 5 uşaq anası həm də bir neçə təşkilata rəhbərlik edir - qəzet çıxarır, sayt idarə edir, dövlətin məsuliyyətli layihələrindən birində ən məsul şəxsdir, üstəlik, 17 ölkədən çağırdığı qonaqların hər birini qarşılayıb, otelə yerləşdirir. Yəni eyni anda təşkilatçı, rəhbər, tərcüməçi və bələdçi kimi bir neçə işin öhdəsindən gəlir… Mənə elə gəlir ki, ağırtaxtalı qazaxların içində yeganə diribaş, qıvraq və cəld adam təkcə Naziyə xanımdır…
Həmin gün Avropa ölkələrində yaşayan türk əsilli tanınmış jurnalistlərlə tanış oluruq. Türkiyədən, Kiprdən gələnlər də var.

İlk dayanacağımız Tanrı Dağı ilə üzbəüz olan Köktobe Milli Parkıdır. Burada iki böyük avtobusla Orta Asiya ölkələrindən gələn jurnalistlərlə görüşürük. Tanrı Dağının ətəyində bizi elə qarşılayılar ki, elə bil, bir yerdə yaşamışıq, bir yerdə böyümüşük. İsti, səmimi, gülərüz münasibət qardaş ölkədə, doğma insanların arasında olduğunu hiss etdirir. Yadıma 90-cı illərdə İranla sərhəddə maneələrin yalın əllərlə dağıdılması, güneyli, quzeyli insalarımızın görüşü düşür. Deyilənə görə, bir-birini tanımayan adamlar qucaqlaşıb, ağlayırmışlar.
Əslində, bu görüş də sədlərin dağıdılması, sınırlarımızın genişlənməsidir…

Şəhər mərkəzini Köktobe Milli Parkından 15 km məsafə ayırır. Park dəniz səviyəsindən 1130 metr yüksəklikdə yerləşir. Buraya şəhərin üzərindən keçən 250 metr hündürlüyü, 1620 metr uzunluğu olan kanat yolu çəkilib. Bu yolu gedib qayıtmaq təxminən 7 manata başa gəlir. İnsanların, xüsusən uşaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Burada əsas diqqəti çəkən isə 1978-1983-cü illərdə tikilən 371,5 metrlik teleqüllədi. Hündürlüyünə görə dünyada 9-cudur.
Səfərimizin ikinci günü dünyanın ən böyük kanyonlarından olan, qazaxların “Şarın şatkalı”, yəni “Çarın dərəsi” dedikləri mistik məkana gedirik. Bura 2004-cü ildən YUNESKO-nun maddi irs siyahısına salınıb və Milli Park elan edilib. Dərinliyi bəzi yerlərdə 200 metrə çatır. Turistlər bu dərinliyə enib ucsuz-bucaqsız yolla yürüməyə davam edirlər.

Elə bil dağ yarılıb, hər şey ikiyə bölünüb, qayaların hərəsi bir heykəl, hərəsi bir tarix… Hər daşın üstündə yazıya oxşar cızmaqaralar. Hərə bu yazıları, bu fiqurları, qayaları öz təxəyyülünə, bilgisinə uyğun şəkildə yozur. Bu daşlar kimçünsə yatmış canavara, biri üçün saqqallı kişiyə, digərinin təxəyyülündə isə çalmalı qadına dönür… Mənə görə isə bura türklüyün taleyinin şəkli, daşlaşmış aqibətidir. Bölünən, parçalanan, bir-birindən ayrı düşən, hərəsi bir tərəfə dağılan türk boylarının ümumi fotosudur - Təbiət çəkib. Bəlkə, diqqətlə baxılsa, görülər ki, burda bütün türklərin daşlaşmış rəsmi də var…


Kanyonun içiylə yol səni möcüzəli bir yerə aparır. Bu möcüzəyə nöqtəni isə gur sulu çay qoyur. Farel dolu suyu buz kimi çay. Ətrafda özbək plovunun qoxusu buğlanır qazanlardan, piyalələrdə kımız verilir.
Gəzintinin sonunda yenə sovet xatirəsi ilə qarşılaşırıq. “UAZ”-lara doluşub geri qayıdırıq.
Kanyonu çıxana qədər Azərbaycanın dilbər guşələrini göz önümdən keçirir və ilk dəfə gördüyüm bu yerlərlə tezbazar müqayisə etmək istəyirəm. Belə yerlərdə o dəqiqə havanın nə qədər yüngül və ya bürkülü, təmiz yaxud, çirkli olduğunu ayırd etməyə, fərqinə varmağa çalışırıq. Almatı ətrafında hava təmizdir, amma mənim üçün daha maraqlı başqa nüans var. Burda havadan çox Günəşin təmizliyi sezilir. Dərində, hüceyrələrində hiss edirsən sanki günəş şüalarını. İstidir, amma az yandırır, incitmir... Səni özünə çəkir, maqnit kimi. Ruhunu işıqlandırır, gözlərində parıltı artır insanın. Günəşə daha yaxınsan... Qazaxıstanın ucsuz-bucaqsız çölləri böyük ərazisi olan dövlətlərlə bağlı fikirlərimdə korrektələr edir. Böyüklüyün, büyük olmağın dərdi də büyükmüş! Qazaxıstanın sürətlə inkişaf edə bilməməsi, xüsusən turizmin inkişafdan qalması məhz ərazisinin genişliyi ilə bağlıdır. Ən yaxın turizm nöqtələrini, yaşayış yerlərini bir-birindən saatlar, sutkalar ayırır. Məsələn, biz Kanyondan möhtəşəm Kolsay gölünə 5 saata getdik. Dolanbac yollar bu torpaqlara bağlı olmayan adamları yorar. Bu tür gözəl yerləri dünyaya açmaq Qazaxıstan hökumətinin ciddi problemidir.
Kolsay gölləriTyan-Şanın - Tanrı Dağlarının zümrüd qaşı adlandırılan Kolsay Güney Alatau dağ silsiləsinin ortasında yerləşir.
Parkın yaxınlığında qonaq evləri və düşərgələr mövcuddur. Ərazidə Aşağı Kolsay gölündən başlayan, silsilə göllər boyunca irəliləyən və Sarı Bulak aşırımından (3 278 m) keçən 25 km-lik gəzinti marşrutu var.

Üç gün piyada və ya bir gün atla getsən, marşrutun sonuna çata bilərsən. Kolsay gölləri bölgədə populyar dağ turizm mərkəzidir. Burada piknik yerləri. Göz oxşayır. At minmə və dağ velosipedi sürmə kimi əyləncə növləri xüsusi yer tutur.
Turistlər üçün gözəl restoranlar fəaliyyət göstərir. Gecələyənlər çadır-obalar salınıb.
Kolsaydan sonra Qazaxıstanın Las-Veqası - kazinolar şəhəri Kunayevə yollanırıq. Şəhər yeni qurulur, hər yerdə təmir gedir. Şəhərin dəbdəbəli binaları yalnız kazinolardı. Bombey Kazino, Tornado Kazino, Royal Plaza Kazino, Bellagio Kazino… Onlar dünyanın ən məşhur kazinoları ilə rəqabət aparır. Kazinolarda ən bahalı restoranlar, yüksək keyfiyyətli xidmət… Gecələr kazinoların işıqları parıldayır, kazinolara gedən yollar daha rahatdır. Dünyanın hər yerindən qumarbazlar gəlir.


Öyrənirik ki, 2007-ci ildən etibarən Qazaxıstanın, eləcə də dünyanın varlı adamları qumar oynamaq üçün Almatıya yığışırlarmış. Kazino çox gəlir gətirən sahə olduğundan, Qazaxıstanda qadağan olunmayıb. Sadəcə, yeni qanuna görə, qumar ölkənin yalnız iki şəhərində - Kunayev və Baravoyda leqallaşdırılıb.
Hazırda şəhərdə 15 kazino və azart oyun mərkəzi fəaliyyət göstərir.
Yenidənqurma, təmir-bərpa işlərinin sürəti, keyfiyyəti və miqyası belə təəssürat yaradır ki, Kunayev Qazaxıstanın Las-Veqası olmağa iddialıdır.

Səfərimizin ən maraqlı hissəsi sözsüz ki, Türkdilli jurnalistlərin forumu idi. Qazaxıstan hökuməti dünyada yaşayan türkdilli jurnalistlərin bu ölkəyə tez-tez gəlməsini, ölkələrarası əlaqələrin, media həmrəyliyinin güclənməsini, turizm potensialının tanıdılmasını prioritet məsələ hesab edir. Və bunun üçün də böyük layihələr həyata keçirir. Hamıdan təkliflər gözləyir.

Təpədən dırnağa türkçü olan alim - Qazaxıstanın İnformasiya və sosial inkişaf naziri Darxan Kıdıralı tədbirdəki çıxışı zamanı bu məsələlərin əhəmiyyətinə xüsusi yer ayırdı.
Hamı başa düşsün deyə qazaxca, türkcə, bəzən də rusca danışdı. Əhatəli, inamlı, hər cümləsi dua kimi bir çıxış idi. Türk dünyasının tarixi, indiki proseslər, bizim boynumuza düşən işlər… Darxan Kıdıralı bir yol xəritəsi cızdı. Tez-tez Azərbaycanın da adını "zikr etdi". Hətta dedi ki, Azərbaycanda mətbuatın yarandığı 22 iyul Türk dünyasının ortaq mətbuat günü olsun. Sonra tarixə qayıtdı, Qazaxıstan mətbuatının inkişafında azərbaycanlıların xüsusi rolunu vurğuladı. Vaxtilə Hacı Zeynalabdin Tağıyevin maliyyəyə görə bağlanmaq təhlükəsi ilə üzləşən "Qazaxıstan" qəzetinin bir illik nəşr pulunu ödədiyini bildirdi. İndi həmin qəzet bu ölkənin rəsmi mətbu orqanıdır…
Çıxışlar, panel müzakirələri, sual-cavablar onu deməyə əsas verir ki, belə maraqlı tədbirlər bir gün yox, günlərlə davam etsə də, yorucu olmaz, türk dünyası üçün yeni, faydalı təklif, ideya və təşəbbüslərə vəsilə olar. Forumdan sonra bütün qonaqlar bir restoranda toplandı. Əslində, türk dünyasının mənzərəsi burada daha aydın görünürdü.

Qazax milli rəqslərinə, musiqisinə heyran olmamaq mümkün deyil. Xüsusən də onların şuxluq, optimizm, xoş hisslər və gələcəyə inam yaratma gücünə görə. Qonaqlar əlbəttə, bu musiqilərə biganə qalmır, hamı bir arada rəqs edirdi... Bu arada Kiprdə yaşayan dostumuz Orxan Həsənoğlunun Azərbaycan mahnısı sifariş verməsi və gözəl rəqsi meydanı daha da gözəlləçdirdi.
Kənardan çox qəribə görünür: bu insanlar oynamağa, şənlənməyə necə meyillidir, bəlkə buna bir az da acdırlar. Onlara baxanda istər-istəməz əsarətdən yeni çıxmış adamın cizgilərini görürsən. Bu cizgilər tək adamların üzündə deyil, həm də Qazaxıstanın şəhərləri və çöllərində var...
Təyyarə ilə Tanrı Dağlarını aşanda, yuxarıdan bu möcüzəli və ucsuz-bucaqsız ərazilərə baxanda adam düşünür ki, ruslar buraları necə əsarətdə saxlaya bilib? Niyə bu qədər qəhrəman insan əsrlər boyu başqa bir xalqın idarəçiliyində olub? Və indinin özündə də müəyyən qədər onların təsiri altındadır. Türklərin ata yurdu hesab olunan Qazaxıstan çölləri, bütün duaları eşidən, arzuları həyata keçirən Tanrı Dağları görəsən, bu suala cavab verə bilərmi?
Elçin Zahiroğlu
Bakı-Almatı-Kunayev-Bakı















Şərhlər