“2023-cü ildə Rusiyanın planlaşdırdığı xərclərin üçdə biri hərbi ehtiyaclara yönələcək”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Röyter” agentliyi hökumət sənədlərinə istinadla məlumat yayıb.
Sənəddə verilən hesablamalara görə, Milli Müdafiə bəndi üzrə illik xərclər 9,7 trilyon rubl və ya bütün dövlət xərclərinin 33,4%-ni təşkil edəcək. Eyni zamanda, təsdiq edilmiş büdcə planında 17,1% nəzərdə tutulub.
Beləliklə, 2023-cü ildə hərbi ehtiyaclar üçün büdcə xərclərinin payı 2011-ci ildən bəri rekord səviyyəyə çatacaq. Əvvəllər bu xərclər Rusiya büdcəsinin 14%-dən 23%-ə qədərini təşkil edirdi.
Sənədə əsasən, 2023-cü ilin birinci yarısında Rusiya hərbi ehtiyaclara demək olar ki, 5,6 trilyon rubl xərcləyib ki, bu da ilkin planlaşdırıldığından 12% çoxdur. Bu, ilin birinci yarısı üçün bütün dövlət xərclərinin üçdə birindən çoxdur.
“Röyter” agentliyi Rusiyanın hərbi xərclərini artırmasını onun Ukraynaya hücumu ilə əlaqələndirir. Agentlik hesab edir ki, müharibənin davam etdirilməsi Rusiyanın iyulun əvvəlində 2,6 trilyon rubl olan büdcə kəsirinin artmasına səbəb ola bilər.
Rusiya hökuməti və Maliyyə Nazirliyi agentliyin şərh sorğusuna cavab verməyib. 2023-cü ilin iyununda Rusiya hakimiyyəti ölkə büdcəsinin faktiki xərclərini gizlədib.
“AzPolitika.info”


Şərhlər