Artıq xəbər verildiyi kimi, Ukrayna pilotsuz katerlərinin həyata keçirdiyi hücum nəticəsində Rusiya hərbi dəniz donanmasının "Olenoqorskiy qornyak" böyük desant gəmisi vurulub. Hadisə ilə bağlı yayılan videoda gəminin ciddi zədə aldığı görünür.
“AzPolitika.info” xəbər verir ki, bu hadisə hərbi ekspertlər tərəfindən Ukraynanın Rusiya ilə hərbi dəniz qarşıdurmasında yeni mərhələnin başlanğıcı və Rusiyanın “taxıl sazişi”ni dayandırmasına tutarlı cavab kimi qiymətləndirilir.
Belə ki, əsas məsələ sadəcə, Rusiya hərbi dəniz donanmasının "Olenoqorskiy qornyak" böyük desant gəmisinin sıradan çıxarılması və onun hərbi imkanları ilə bağlı deyil. Baxmayaraq ki, bu da əhəmiyyətlidir. Çünki artıq Rusiyada sovet dönəmində Polşada tikilmiş bu cür gəmilər istehsal edə biləcək müəssisələr yoxdur və o, “Kalibr” raketləri daşıyıcısı olmasa da, texnika, silah-sursat və şəxsi heyət daşınmasında mühüm rol oynayırdı.
Qeyd edək ki, indiyə qədər Rusiyanın Qara dəniz hərbi donanması ümumilikdə irili-xırdalı 17 gəmisini itirib ki, onlardan da ən əhəmiyyətlisi flaqman “Moskva” kreyseri olub.
Burada söhbət daha çox Rusiyanın hazırda cənub istiqamətində əsas limanı olan Novorossiyskin artıq təhlükəsiz olmamasından gedir. Məlum olduğu kimi, Ukraynaya qarşı işğalçılıq müharibəsi və tətbiq edilən sanksiyalar səbəbindən Rusiyanın şimal-qərb limanları iflic vəziyyətə salınıb. Bu limanlardan tam mənada istifadə edə bilməyən Rusiyanın qərb, cənub, cənub-şərq istiqamətlərində yük daşınmasında, eləcə də neft daşımalarında Novorossiysk limanı sadəcə, əvəzedilməz sayılır. Ukrayna isə bu hücumu ilə həmin limanın xarici gəmilər, yük daşıyıcıları və Rusiyanın özü üçün təhlükəli olduğunu göstərdi. Təsadüfi deyil ki, hücumdan sonra Rusiya bu limanı qeyri-müəyyən müddətə bağlamağa, gəmilərin hərəkətini dayandırmağa məcbur olub.

Tanınmış hərbi-siyasi təhlilçi Aleksandr Kovalenko bu hücumla bağlı şərhində qeyd edib ki, Novorossiyskdə Rusiya hərbi gəmisinin vurulması Rusiyanın ümumilikdə təhlükəsizlik sisteminə vurulan ciddi zərbədir: “Birincisi, Novorossiyskdəki bu insident göstərdi ki, artıq bu şəhər dərin arxa cəbhə şəhəri deyil. İkincisi, bu, Rusiyanın təhlükəsizlik sisteminə vurulmuş alçaldıcı şillədir”.
Novorossiysk limanında Xəzər Boru Kəməri Konsorsiumu yerləşir və buradan neft daşımaları həyata keçirilir. Konsorsiumun boru kəməri Qazaxıstanın qərbindəki neft yataqlarını, Xəzər şelfindəki Rusiya yataqlarını və şəhərin dəniz terminalını birləşdirir. Buradan 7 milyon ton Qazaxıstan, 4 milyon ton Rusiya nefti, 3 milyon tona yaxın isə dizel yanacağı daşınır. Eləcə də Rusiyanın kənd təsərrüfatı və digər strateji əhəmiyyətli məhsullarının da əhəmiyyətli hissəsi xarici bazarlara məhz bu liman vasitəsilə çıxarılır.
İndi isə heç kimə sirr deyil ki, bundan sonra Rusiya üçün həmin limandan istifadə çətinləşəcək və bu cür zərbələr tez-tez təkrarlanacaq.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər