Gürcüstanın hazırda həbs həyatı yaşayan keçmiş Prezidenti Mixail Saakaşvili 15 il əvvəl – 8 avqust 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü, Qərb liderlərinin vasitəçiliyi ilə baş tutan sülh razılaşması ilə bağlı maraqlı açıqlama verib.
“AzPolitika.info” xəbər verir ki, eks-prezident “Feysbuk" səhifəsində Rusiyanın Gürcüstanı işğal etdiyi günlərdə Fransanın xarici işlər naziri Bernard Kuşnerin Tbilisiyə gəldiyini yazıb: “Nikola Sarkozinin (Fransanın keçmiş Prezidenti – red.) Moskvaya göndərdiyi atəşkəs müqaviləsi layihəsində razılığa gəldik. Orada Putin və Medvedev layihə ilə tanış oldular və ona xüsusi olaraq 1 bənd əlavə edib geri qaytardılar. Orada yazılmışdı: “Cənubi Osetiya və Abxaziyanın statusu gələcəkdə beynəlxalq danışıqlarla müəyyən ediləcək”. “Bu, praktiki olaraq o demək idi ki, biz Gürcüstan ərazilərinə və ölkənin ərazi bütövlüyünə “yox” demək məcburiyyətindəyik. Əlbəttə, mən buna qətiyyətlə “yox” dedim. Sarkozi isə saatlar ərzində məni inandırmağa çalışırdi. Durmadan təkrar edirdi ki, "imzalamasan, sabah ruslar Tbilisidə olacaq, Putin səni öldürmək qərarına gəlib. Dedilər, biz ordu göndərə bilmərik, çünki Buş (ABŞ-ın keçmiş Prezidenti Corc Buş-red) razı deyil. Daha sonra David Bakradze və amerikalı köməkçim Daniel Kunin müzakirələrə qatıldılar. Lex Kaçinski (Polşanın o vaxtkı Prezidenti-red.) belə təklifin müzakirə oldunduğu öyrənəndə görüşə qoşulmağa çalışdı, lakin Fransa tərəfi ona imkan vermədi. Sonda Nikola Sarkozi yenidən Medvedevə zəng etdi və Rusiya tərəfi bu dəfə razılıq versə də, sonda atəşkəs razılaşmasını müdafiə etməkdən imtina etdi”.
Saakaşvili yazırb ki, Gürcüstan rəhbərliyi o zaman ortaya iradə qoyaraq, ölkənin suverenliyini qorudu. “Bu da mütləq bizi ölkəmizin ərazi bütövlüyünün faktiki bərpasına aparacaq!”, - o vurğulayıb.
“AzPolitika.info”


Şərhlər