ABŞ Prezidenti Co Bayden ukraynalı pilotların F-16 qırıcılarında təlim keçməsinə icazə verib. “AzPolitika.info” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib. O, Danimarka və Hollandiyanın təlimlərdə aparıcı rol oynadığını vurğulayıb. Pentaqonun sözçüsü əlavə məlumat verməyib.

İyul ayında “Politico” jurnalı Danimarka və Hollandiyanın başçılıq etdiyi 11 ölkədən ibarət koalisiyanın ukraynalı pilotlara F-16-nı idarə etmək üçün təlim verməyə hazır olduğunu, lakin ABŞ-ın rəsmi icazəsi olmadan bunu edə bilməyəcəyini yazmışdı.

Eyni zamanda, nəşrin məlumatına görə, Ukrayna hərbçilərinin təliminə dəstək verən 11 dövlətdən heç biri hələlik bu proqram üçün təyyarə ayırmayıb.

İyulun sonunda Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib ki, əsas detallar, o cümlədən təlim kursunun tarixləri, yeri və müddəti hələ də işlənir.

Keçən həftə “Politico” mənbələrə istinadən xəbər vermişdi ki, F-16 təyyarələrində təlim keçmək üçün ukraynalı pilotların ilk qrupu müəyyən edilib. Onlar ingilis dilini mükəmməl bilən səkkiz nəfərdən ibarət olacaq.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirmişdi ki, ukraynalı pilotların F-16 təyyarələrində təlimi avqustda başlayacaq. Eyni zamanda, “Politico”nun həmsöhbətlərindən birinin sözlərinə görə, ukraynalı pilotların hazırlığı yalnız bu ilin sonunda başlayacaq və ilk təyyarələr 2024-cü ilin yazına qədər Ukraynaya gəlməyəcək.

Rusiyanın işğalı başlayandan bəri Ukrayna hərbi aviasiya donanmasının böyük hissəsini itirib, Kiyev Qərb müttəfiqlərindən ordunu müasir qırıcılarla təmin etməyi tələb edir.

“AzPolitika.info”