Amerikalı proqram təminatı istehsalçısı “Microsoft” sentyabrın 30-dan sonra Rusiya şirkətləri üçün lisenziyaların uzadılmasını dayandıracaq.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “TelecomDaily” agentliyi “Microsoft Online Services” texniki dəstək şirkətinin müştərilərdən birinə məktubuna istinadən məlumat yayıb.
Məktubda qeyd edilir ki, “Microsoft” Rusiyada xidmətlər üçün yerli bank hesabına ödənişləri qəbul edə bilməz. Aktiv abunəliklər qalan müddətin sonuna qədər davam edəcək. Onları uzatmaq olmaz. “Microsoft”un nümayəndəsi “Forbes”lə söhbətində bildirib ki, qərar Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiyalarına uyğun olaraq qəbul edilib.
“Microsoft” şirkəti ötən ilin martında Rusiyanın Ukraynaya hücumu səbəbindən Rusiya bazarında satışı dayandırmaq qərarına gəlib. Eyni zamanda, 2023-cü ilin yazında sanksiyalara məruz qalmayan beynəlxalq şirkətlərin Rusiya nümayəndəlikləri korporasiyadan proqram təminatı lisenziyalarını yeniləmək üçün təkliflər almağa başlayıb. Mütəxəssislərin fikrincə, “Microsoft” bazarda mövcudluğunu belə qoruyub saxlamağa çalışıb.
“Forbes”in müsahibləri qeyd edirlər ki, Rusiyada korporativ müştərilərin 90%-ə qədəri Amerika developerinin məhsullarından istifadə etməyə davam edir. Mütəxəssislərin fikrincə, yenilikləri qəbul edə bilməmək korporativ şəbəkələrin təhlükəsizliyini azaldacaq və onları hakerlər qarşısında daha həssas edəcək.
Rus tərtibatçılarının hazırladığı proqram təminatına keçid problemsiz baş tutmayacaq. “Forbes” qeyd edir ki, istifadəçilər yeni interfeyslərə öyrəşməli, biznes proseslərini yenidən qurmalı, İT mütəxəssisləri isə Rusiya rəqəmsal həllərindən yeni paralel infrastruktur yığmalı olacaqlar.
“AzPolitika.info”


Şərhlər