Moskvada, Karamışevskaya sahili yaxınlığında pilotsuz təyyarə partlayıb. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə ilk olaraq “Baza”, “Shot” və “Mash” teleqram kanalları məlumat yayıb. Daha sonra partlayışla bağlı məlumatı Moskva meri Sergey Sobyanin də təsdiqləyib.

“Mash”ın məlumatına görə, partlayış Marşal Jukov prospektindəki Jivopisnı körpüsü yaxınlığında baş verib. Pilotsuz təyyarə Moskva çayı boyunca təxminən 150 metr yüksəklikdə uçub. Bundan sonra hadisə şahidləri partlayış səsini eşidib.

“Baza” yazır ki, pilotsuz təyyarə Moskva vilayətinin İstra rayonunda görüntülənib. “Shot”un yazdığına görə, dronun qalıqları 67 saylı xəstəxananın yaxınlığındakı parkda tapılıb. Hadisə yerindən təxminən beş kilometr aralıda Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin (QRU) binası yerləşir.

Cümə günü səhər saatlarında Kaluqa və Vnukovo hava limanı üzərində hava məkanının bağlanması barədə məlumat yayılıb. İlkin məlumatlara görə, səbəb pilotsuz təyyarənin hücumu olub. Ehtimallara görə, məhz həmin dron Karamışevskaya sahilinə uçub və orada partlayıb. Hazırda Vnukovo hava limanı normal rejimdə işləyir.

Rusiya Müdafiə Nazirliyi hücuma görə Ukraynanı ittiham edib. "Bu gün günorta saatlarında Kiyev rejiminin pilotsuz uçuş aparatı ilə Moskvadakı obyektə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb. PUA elektron müharibə vasitələri ilə vurulub və Moskvanın qərbindəki meşəlik əraziyə düşüb", - deyə məlumatda bildirilir. Kiyev dron hücumu ilə bağlı xəbərə hələlik münasibət bildirməyib.

“AzPolitika.info”