Menu

"Biznesi belə bağlamazlar. Bu, Allaha da xoş deyil, qanuna da ziddir" - "Metroservis"in rəhbəri

15.11.2013, 16:12
"Biznesi belə bağlamazlar. Bu, Allaha da xoş deyil, qanuna da ziddir" - "Metroservis"in rəhbəri

Bakı metrosunun stansiyalarında mətbuat yayımı ilə məşğul olan “Metroservis” MMC noyabrın 14-dən fəaliyyətinə xitam verib, onun köşkləri yığışdırılıb.

“Metroservis” MMC-nin rəhbəri Bəkir Cəfərov noyabrın 15-də “Media forum” saytına açıqlama verib: “Metroda qəzet-jurnal satışı ləğv edildi və “Metroservis” bağlandı. Bilmirəm dövlətdən, haradan deyiblər ki, olmaz. Bu gecə saat 1-ə kimi köşklərdən malı boşaltmışıq ki, camaata qaytaraq. Neçə illik bir müəssisəni bağladılar.

Yazılı qərar yoxdur. Yəqin ki, kiminsə tapşırığı ilə qərar veriblər. Belə məsləhət görüblər, biz nə edə bilərik? Balaca, əmrə tabe olan adamlarıq. Əlimizdən başqa bir şey gəlməz. Qərarı verən adam güc sahibidir. Gələcək fikirləri nədir, onu deyə bilmərəm. Ümidimiz Allahadır.

Qurban bayramı günü – oktyabrın 15-də dedilər ki, dörd qəzet satılmasın: “Azadlıq”, “Yeni Müsavat”, “Gündəm xəbər”, “Bizim dövr” qadağan olundu. Aşura günündə dedilər ki, metroda qəzet, jurnal və kitab satışına birdəfəlik son qoyulsun. Bu gün 60 işçinin hamısının əmrini verib işdən çıxarmışıq. Bizim işimiz ancaq qəzet, jurnal satmaq idi. Müqaviləmizdə başqa şey yox idi. Biz qəzet satışı ilə dolanmışıq, işçilərə də həmin gəlirdən maaş vermişik.

Metro dövlətindir. Köşkləri öz pulumuzla tikmişik. İllik müqaviləmiz olub, müqavilənin vaxtının bitməsinə hələ iki ay qalıb. Fəaliyyətimiz qanun əsasında olub. Həmişə firmada Vergilər Nazirliyinin, Əmək Müfəttişliyi Xidmətinin yoxlamaları aparılıb, hansısa qüsur olsaydı, onlar deyərdi, biz də işimizi bilərdik.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov həmişə bizə kömək edib. İndi yəqin ki, məsələ Tağı Əhmədovdan asılı deyil. Azərbaycanda nə qədər qəzet, jurnal çıxır, hamısının satışını təmin edirdik. Biznesi belə bağlamazlar. Bu, Allaha da xoş deyil, qanuna da ziddir. Çox çətin vəziyyətdəyik, müəssisəmiz bağlanıb. Bizim əzab-əziyyətimiz, çəkdiyimiz zülmlər hədər oldu.

Müqavilə əsasında Rusiyadan bizə hər gün mal gəlirdi. Gecə firmaya hava limanından mal gəldi, ancaq götürmədik. Bunu geri göndərə bilmərik. Gecə ilə məktub yazıb vəziyyəti onlara izah etdik və xahiş etdik ki, daha qəzet-jurnal göndərməsinlər”.

Firma rəhbəri "musavat.com"-a açıqlamasında isə deyib ki, firmaya görə ona kompensasiya ödənilməyəcək: “Borcları da ödəmək lazımdır”. B.Cəfərov dedi ki, firmanın 60 nəfər işçi var idi və baş verənlər onlarla ailənin işsiz qalması ilə nəticələndi: “İyirmi ildir dövlətçiliyə xidmət etmişəm. İşçilərimin hamısı Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmişə tapşırmışam ki, dövlət qəzetlərini qabağa düzün. Axırı da belə”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol