Ukrayna Silahlı Qüvvələri Dnepr çayının Rusiyanın nəzarətində olan sol sahilində olduqca uğurlu əməliyyat həyata keçirib.
“AzPolitika.info” xəbər verir ki, sözügedən əməliyyatla bağlı həm Ukrayna mətbuatı, həm də Rusiyanın bölgədəki hərbi müxbirləri məlumat yaymıblar.
Bu gün Ukrayna kəşfiyyatçılarının həmin əməliyyat zamanı ələ keçirdikləri Rusiya ordusunun batalyon komandiri, mayor Yuri Tomovun dindirilməsinə dair videogörüntülər yayımlanıb.
Həmin videoların birində batalyon komandiri xəritə üzərində ukraynalılara Rusiya ordusunun mövqelərini göstərir, digərində isə ukraynalı hərbçilərə ifadə verir.
Xəbərdə qeyd olunur ki, bundan öncə Rusiya hərbi müxbirləri mayor Tomovun 25 nəfərlik dəstə ilə birgə Kazaçyi Lagerya yaşayış məntəqəsi istiqamətində yoxa çıxdığı barədə məlumat yaymışdılar.
Dnepr çayının sol sahilində yerləşən bu məntəqənin mayor Tomovun batalyonunun cavabdehlik zonasında olduğu bnildirilir. Sonradan məlum olub ki, Ukrayna kəşfiyyatçıları Dneprin sol sahilinə keçərək, Tomovun dəstəsinin bir hissəsini məhv edib, digər hissəsini isə Tomovla birgə əsir götürüb.

Maraqlıdır ki, bundan bir neçə gün öncə sosial şəbəkələrdə elə həmin Tomovun iştirakı ilə bir video pyalaşılmışdı. Həmin videoda mayor Tomov guya yeni əsir götürülmüş Ukrayna hərbçilərini göstərərək, onların Dneprin sol sahilinə keçərkən ələ keçirildiklərini deyirdi. Lakin sonradan məlum oldu ki, video montaj olunub və sözügedən ukraynalılar bir neçə ay əvvəl tamamilə başqa istiqamətdə əsir düşmüş şəxslərdir.
Ukrayna hərbçilərinə ifadə verən mayor Tomov Putinin Ukraynaya hücumunu “ağılsız ideya” adlandırıb. O, həmçinin işğalçı Rusiyanın ordu sıralarında hazırlıq, motivasiya və mənəvi-psixoloji durumun çox aşağı səviyyədə olduğunu bildirib. Tomov əlavə edib ki, bir neçə gün ərzində onun rəhbərlik etdiyi batalyonun şəxsi heyətinin 25 faizi sıradan çıxıb.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər