Rusiya Bankının Direktorlar Şurası avqustun 15-də keçirilən növbədənkənar iclasında əsas uçot dərəcəsini illik 12%-ə qaldırıb.
Bu, rublun ucuzlaşması fonunda son bir ayda əsas məzənnənin ardıcıl ikinci artımıdır. İyul ayında planlaşdırılan iclasda Mərkəzi Bank (MB) uçot dərəcəsini illik 7,5-dən 8,5%-ə qaldırıb.
Xatırladaq ki, MB 2022-ci ilin sentyabrından bəri uçot dərəcəsini dəyişməmişdi.
2022-ci ilin fevral ayında - Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının iqtisadiyyata təsiri ilə əlaqədar Mərkəzi Bank dərhal əsas faiz dərəcəsini illik 20%-ə qaldırıb. Sonra tədricən 7,5%-ə qədər endirməyə nail olub.
Rusiya Bankı dünən, avqustun 14-dən Moskva Birjasında dollar və avronun məzənnəsi 2022-ci ilin mart ayından bu yana yeni “zirvələrə” çatdıqdan sonra, Direktorlar Şurasının sentyabrın 15-nə planlaşdırılan iclasını gözləməmək qərarına gəlib. Qeyd edək ki, hazırda dollar 101 rublu, avro isə 110 rublu ötüb. Beləliklə, ilin əvvəlindən rubl dollara nisbətdə 40%-dən çox ucuzlaşıb.
Rusiya Prezidentinin köməkçisi Maksim Oreşkin bildirib ki, rublun zəifləməsinin əsas səbəbi Rusiya Bankının yumşaq pul siyasətidir. Eyni zamanda o, Mərkəzi Bankın vəziyyəti normallaşdırmağa qadir olduğunu bildirib.
Mərkəzi Bankı rublun məzənnəsinin düşməsini digər amillərlə izah edilib. Belə ki, Bankın sədri Elvira Nabiullina hələ iyulun ortalarında rublun zəifləməsini xarici ticarətin dinamikasının dəyişməsi və büdcə kəsirinin artması ilə əlaqələndirib.
RBC-yə müsahibə verən ekspertlər də hesab edir ki, rublun məzənnəsi ixrac gəlirlərinin azalmasına görə daxili bazara kifayət qədər xarici valyutanın daxil olmaması səbəbindən zəifləyir. Eyni zamanda idxalçılar və iri biznes subyektlərinin xarici valyutaya tələbatı artır.
Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditin minimum faizdir. Onlar da öz növbəsində vətəndaşlara, şirkətlərə öz biznes maraqlarına uyğun olaraq kreditlər verirlər ki, bu da Mərkəzi Bankın faizindən yüksəkdir. Əsas faiz dərəcəsinin artması ilə istehlak kreditləri üzrə faiz dərəcələri də artır. Vətəndaşlar və şirkətlər daha az kredit götürür, nəticədə əhalinin ümumi alıcılıq qabiliyyəti və biznesin inkişafı aşağı düşür və bu, iqtisadi artımı ləngidir.
“AzPolitika.info”


Şərhlər