Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iki gün öncə “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılmasıyla bağlı açıqlama yayıb.
Qurumdan verilən məlumata əsasən, “Volt Azərbaycan”-a məxsus qida məhsullarının çatdırılması müəssisəsində aparılmış yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar edilib. AQTA aşkarlanmış nöqsanlar əsasında müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib. Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görüldüyü bildirilib.
Daha sonra isə AQTA yenidən “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirib. Bu zaman əvvəlki nöqsanların aradan qaldırılmadığı müəyyən olunub və müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.
“Volt Azərbaycan” MMC isə ötən gün açıqlama yayaraq AQTA-nın iddialarının əsassız olduğunu və şirkətin əvvəlki fəaliyyətini davam etdirdiyini bildirib.
“Şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA-nın irəli sürdüyü iddialara gəldikdə isə “Volt” öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. “Volt Azərbaycan”-ın pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, hazırda Azərbaycanda onlayn çatdırılma xidməti üzrə çoxlu sayda yerli və xarici şirkət fəaliyyət göstərsə də, gündəlik 8-9 min arası sifariş həcmi olan bu bazara “Bolt Food” və “Volt Azərbaycan” şirkətləri liderlik edirlər. 2019-cu ildə Azərbaycan bazarına daxil olan “Volt” Bakıda, Sumqayıtda, Gəncədə, Xırdalanda, Lənkəranda və Kürdəmirdə iki yüzdən çox restoran və kafenin məhsullarını müştərilərə çatdırır. “Volt Azərbaycan”-ın təkcə paytaxt Bakıda 6-7 min arası kuryerinin olduğu bildirilir.
Onu da qeyd edək ki, hazırda “Volt” tətbiqinin işində heç bir problem yaşanmır. “Volt” kuryerlərinin hələ də paytaxt küçələrində sifariş daşıdığını görmək mümkündür. Kuryerlər və “Volt”-la əməkdaşlıq edən restoranlar da əvvəlki qaydada fəaliyyətlərini davam etdirdiklərini deyirlər.

Bir müddətdir “Volt”-da kuryer kimi çalışan Rəşad Əhmədov “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, sözügedən qərardan sonra hər hansı bir məhdudiyyətlə rastlaşmayıb: “Əvvəl necə idisə, indi də elə işləyirik. “Volt”-un iş mexanizmi bəllidir. Bunun üçün şəxsi moped, VÖEN, Asan İmza və bank hesabın olmalıdır. İş sərbəst qrafiklidi. Nə qədər çox işləsən, o qədər çox qazanIrsan. Günlük qazanc 25-30 manat arasında dəyişir”.
Adının açıqlanmasını istəməyən digər bir kuryer isə son vaxtlar xərclərinin xeyli artdığını bildirib: “Əvvəl bu sahədə qazanc daha yüksək idi. Ancaq indi kuryerlərin xərci artıb. Vergi faizi, tibbi sığorta, benzin xərclərini çıxanda günlük qazancımızn təxminən yarısı bizə qalır”.
O, hesab edir ki, AQTA-nın mövcud qərarı onların işini bir qədər də çətinləşdirə bilər.
Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən məşhur “Qoç ət”, “Bir-iki” və “Lunc box” restoranları əvvəlki qaydada “Volt Azərbayan”la əməkdaşlıq etdiklərini, hər hansı məhdudiyyətin olmadığını bildiriblər.
Bəs AQTA məhkəmə qərarı olmadan xarici şirkətin fəaliyyətini dayandıra bilərmi?

Bu barədə hüquqşünas Əkrəm Həsənov “AzPolitika.info”-ya şərhində bildirib ki, AQTA birdəfəlik “Volt Azərbaycan”-ın fəaliyyətini dayandıra bilməz: “Bunun üçün məhkəmə qərarı olmalıdır. AQTA-nın fəaliyyəti ölkədə qida təhlükəsizliyini təmin etmək üzərində qurulub. AQTA yoxlamalar zamanı nöqsan aşkar etdiyi restoranların fəaliyyətini müvəqqəti dayandıra bilər. Yəni, məhkəmə qərarı olmadan müvəqqəti tədbirlər görülə bilər. Çünki məhkəməyə müraciət, prosesin yekunlaşmasını gözləmək vaxt aparır və bu müddət ərzində nöqsan aşkarlanan restoranın xidmət göstərməsi məntiqə uyğun deyil”.
Ekspert qeyd edir ki, qarşı tərəf AQTA-nın mövcud qərarıyla bağlı məhkəməyə müraciət edə bilər: “Məhkəmə qeyd olunan faktların həqiqətə uyğun olmadığını subut etsə, bu zaman AQTA-dan dəymiş ziyanın əvəzi tələb edilə bilər. Çünki istənilən halda AQTA-nın sözügedən şirkətin fəaliyyətini birdəfəlik dayandırmaq hüququ yoxdur. Yalnız müvəqqəti tədbirlər görə bilər”.
Onu da qeyd edək ki, AQTA-nın mövcud açıqlamasının ardından sosial şəbəkələrdə bir sıra iddialar yayılıb. Qeyd olunub ki, bu yaxınlarda taksi bazarına daxil olduqdan az bir müddət sonra xarici şirkətlər üçün əsl maneyə çevrilən və rəqabət mühitini aşağı salan “Uklon” şirkəti indi də məhsulların daşınması bazarına daxil olmağa hazırlarşır. İlkin proqnozlora görə, “Uklon” qida məhsullarının daşınması bazarına daxil olduqdan sonra bu cür süni maneələr daha da artacaq və bu, daşınma qiymətlərinə təsirsiz ötüşməyəcək.
Elvin Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər