Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki hərbi qulluqçuya “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamlarla polkovnik Babək Mürsəl oğlu Ələkbərova və polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib. 

Qeyd edək ki, Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Həmin qəsəbədə orta məktəbi bitirib. 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə ləğv edilmiş MTN-in Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub və Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb.

Fotoda: Babək Ələkbərov

O, 44 günlük Vətən müharibəsində Arazboyu əməliyyatlarında böyük şücaət göstərib.

B.Ələkbərov Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi tərəfindən bir çox orden və medallarla təltif edilib.

Eyni zamanda Ali Baş Komandan tərəfindən ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Bu yaxınlarda B.Ələkbərov DSX-nin Çevik Hərəkət Dəstəsinin (ÇHD) komandanı təyin edilib.

Qeyd edə ki, Zaur Ağaqardaş oğlu Zeynalov da Vətən müharibəsində şücaət göstərən zabitlərimizdəndir. Buna görə müxtəlif medal və ordenlərlə təltif olunub. 

Əvəllər Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə hərbi hissəsində komandir olub. Hazırda DSX-də Baş İdarə rəisi vəzifəsini icra edir.

Fotoda: Zaur Zeynalov

"AzPolitika.info"