Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti dəfə birmənalı qarşılanmayan ziddiyyətli açıqlamalar verib.

“AzPolitika.info” xəbər verir ki, Aleksandr Lukaşenko vaxtilə Vladimir Putinin Ukraynadakı bir nömrəli adamı sayılan Viktor Medvedçuka yaxın jurnalist Diana Pançenkoya müsahibəsində Ukrayna müharibəsindən danışıb.

Lukaşenko iddia edib ki, Putin 2022-ci ilin fevralında başlatdığı “xüsusi hərbi əməliyyat”la bağlı bütün hədəflərinə çatıb: “Bu gün üçün xüsusi hərbi əməliyyatın hədəfləri yerinə yetirilib. Artıq Ukrayna müharibədən sonra heç vaxt özünü Rusiyaya qarşı müharibədən əvvəlki kimi aqressiv aparmayacaq. Ukrayna başqa cür olacaq. Birincisi, hakimiyyətdə daha ehtiyatlı, ağıllı, hiyləgər adamlar olacaq. Bu ağıllı adamlar başa düşəcəklər ki, qonşular Tanrıdan gəlib və onlarla münasibət qurmaq lazımdır”.

Eləcə də Lukaşenko hesab edir ki, Ukrayna artıq “ABŞ-ın çaldığı havalara oynamayacaq”.

Bununla yanaşı, Belarus Prezidenti bildirib ki, bu müharibə Rusiya üçün də dərs olacaq: “Biz də bundan dərs çıxarırıq. Xüsusilə də Rusiya”.

Qeyd edək ki, həmin müsahibəsində Lukaşenko gələcəkdə Ukraynaya hərbçilərin rəhbərlik edəcəyini proqnozlaşdırıb: “Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və ya başqası Prezident olacaq”.

Lukaşenko bundan öncə də öz müsahibələrində ziddiyyətli fikirlər səsləndirib. Xüsusilə də onun “Vaqner” qiyamından sonra Rusiyada mövqeyinin gücləndiyini və nüfuzunun artdığını nəzərə alsaq, Lukaşenkonun açıqlamaları kifayət qədər maraqla izlənilir. O da maraqlıdır ki, Belarus Prezidenti demək olar, hər müsahibəsində Kremlin ünvanına üstörtülü tənqid, bəzənsə hətta təhdid mesajları göndərir.

C.Məmmədov

“AzPolitika.info”