Menu

Rusiya aviaşirkətləri 1.2 milyardlıq ehtiyat hissələrini necə alıb? – Sanksiyalar effektli deyil...

23.08.2023, 16:38
Rusiya aviaşirkətləri 1.2 milyardlıq ehtiyat hissələrini necə alıb? – Sanksiyalar effektli deyil...

Sanksiyalara baxmayaraq, ötən ilin may ayından bu ilin iyun ayına qədər Rusiya aviaşirkətləri Qərb şirkətlərindən 1,2 milyard dollar dəyərində ehtiyat hissələri alıblar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə gömrük məlumatlarını tədqiq edən “Reuters” agentliyi məlumat yayıb.

Alınan avadanlıqlar arasında Amerikanın “Northrop Grumman” şirkətinin aparatları, pilot kabinəsinin təzyiq klapanları, eniş aparatları, o cümlədən kofedəyirlər, stüardessa telefonları və tualet oturacaqları olub.

Gömrük məlumatlarına görə, Rusiyaya ehtiyat hissələri Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Çin və Qırğızıstan kimi ölkələrdəki vasitəçilərin köməyi ilə gəlib.

Agentlik həmçinin müəyyən edib ki, Ural Hava Yolları ABŞ istehsalı olan 20-dən çox cihaz idxal edib. Aviaşirkətin baş direktorunun müavini Kirill Skuratov Rusiya aviadaşıyıcısının ehtiyat hissələrini necə alması ilə bağlı “Reuters”ə şərh verməkdən imtina edib.

1,2 milyard dollarlıq rəqəm Rusiyaya göndərilən təyyarə hissələrinin ümumi dəyərini əks etdirmir. Çünki “Reuters” əməkdaşları yalnız Rusiya aviaşirkətləri və ya onların texniki xidmət bölmələri üçün nəzərdə tutulan yüklərə baxıb. Digər şirkətlər üçün nəzərdə tutulan təyyarə hissələrinin göndərilməsi bu araşdırmaya daxil edilmir.

ABŞ-ın “Northrop Grumman” şirkətindən agentliyə bildiriblər ki, Rusiya bizneslərinə göstərilən hər hansı satış və ya təmir xidmətlərini müəyyən etməyiblər. “Northrop Grumman” sözçüsü deyib ki, şirkətin “ixrac zamanı sanksiyalarla bağlı bütün qanun və qaydalara əməl olunmasını təmin etmək üçün güclü prosedurlar mövcuddur”.

Qərbin sanksiyaları tətbiq olunmazdan əvvəl Rusiya aviaşirkətləri öz təyyarələrinə texniki xidmət göstərmək üçün “Lufthansa Technik” kimi böyük şirkətlərə müraciət edirdilər. Lakin bu şirkətlər xidmətlərini göstərməyi dayandırdıqda, aviaşirkətlər daha kiçik təchizatçılara üz tutmağa başladılar.

Məsələn, 2022-ci ilin aprelində S7 Hava Yollarının texniki xidmət bölməsi Moldova şirkəti olan “Air Rock Solutions”dan ehtiyat hissələri idxal etməyə başlayıb. Hesabatlara görə, ötən 14 ay ərzində S7 “Air Rock Solutions”dan ən azı 1,23 milyon dollar dəyərində hissələr alıb.

Şirkətin icraçı direktoru İvan Melnikov Rusiyaya məhsul satdığını inkar edir. O, alıcılarının əksəriyyətinin BƏƏ və Qırğızıstanda olduğunu bildirib. “Reuters” bu şirkətin mallarının çoxunun Rusiyaya başqa ölkələr vasitəsilə daxil olduğunu müəyyən edib.

Ukraynaya qarşı genişmiqyaslı hücumdan sonra Rusiya aviasiya sənayesinə qarşı tətbiq edilən sanksiyalara bu ölkəyə təyyarələrin tədarükünə, habelə sanksiyalar tətbiq edən ölkələrə uçuşlarına qadağa qoyulması və onlara hava məkanının bağlanması daxildir. Daha sonra sığorta şəhadətnamələri də ləğv edildi və icarə əsasında alınan təyyarələrin Rusiya aviaşirkətlərindən geri qaytarılması tələb olundu, lakin onlar bunu etmədilər. Bu səbəbdən Rusiya təyyarələrinin əksəriyyəti indi yalnız məhdud sayda xarici ölkəyə uça bilir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol