“Priqojinin öldürüləcəyi gözlənilən idi. Lakin burada bir neçə versiya mövcuddur və onları dəqiqləşdirmək lazımdır. İlk növbədə müəyyən edilməlidir ki, bu, həqiqətən də Priqojinin cəsədidir ya, yox. Hazırda bunu hadisəni törədənlərdən başqa heç kim bilə bilməz”.

Bunu “AzPolitika.info”-ya Vaşinqtonda yaşayan tanınmış azərbaycanlı siyasi analitik Ramiz Yunus “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin həlak olduğu təyyarə qəzasını şərh edərkən bildirib.

Təhlilçi qeyd edir ki, olay səhnələşdirilmiş bir hadisəyə oxşayır: “Bu, 80 il öncə İkinci Dünya müharibəsində Hitlerin şəxsi katibi Martin Bormanın aradan çıxmaq üçün qurduğu səhnəyə çox oxşayır. Xatırladım ki, indiyə qədər Bormanın nə cəsədi tapılıb, nə də onun taleyi haqda məlumat verilib. Burada birinci versiya o ola bilər ki, Priqojin və onun yaxın şəriki Utkini oyundan çıxarmaq istəyirlər. Düşünürəm ki, bu versiya həqiqətə uyğun ola bilər. Priqojin plastik əməliyyat keçirdikdən sonra Afrikada və ya Latın Amerikasında öz fəaliyyətini davam etdirə bilər. Bu adamlar başqa qanunlarla yaşayırlar və bunların maddi imkanları da başqadır. Onları oyundan çıxardırlar və oyun da bitdi. İndi onlar Ukrayna cəbhəsində yox, digər cəbhələrdə iştirak etməlidirlər”.

R.Yunus ikinci verisya kimi Priqojinin həqiqətən də öldürüldüyünü deyir: “Bu versiyada çox aktual və bir o qədərdə realdır. Çünki bildiyiniz kimi, Rusiyada uzun müddətdir ki, Kremldaxili çəkişmələr var. Bu, Müdafiə Nazirliyi ilə FSB, eləcə də digər kəşfiyyat orqanları arasındadır. Rusiyada kriminal oliqarxiya hakimiyyətdədir və ortalıqda böyük pullar dövr edir. “Vaqner” həm Rusiyanın daxilində, həm də xarici ölkələrdə fəaliyyət göstərir. Putinin bu qrupa hansı dərəcədə nəzarət etdiyini demək çox çətindir. Xatırlatmaq istərdim ki, Priqojinin iki ay bundan öncə baş tutmayan uğursuz üsyanı da daxili çəkişmələrin bir təzahürü idi”.

Ramiz Yunus qeyd edib ki, Rusiya böyük ehtimalla bu hadisədə Ukrayna kəşfiyyatını günahlandırmağa çalışacaq: “Hər şeyi Ukraynanın boynuna qoyacaqlar və “timsah göz yaşları” tökərək, “Rusiyanın milli qəhrəmanını öldürüblər” kimi, arqumentlərlə hadisəyə fərqli don geyindirməyə çalışacaqlar. Lakin bunun Rusiya-Ukrayna savaşına heç bir təsiri olmayacaq. Çünki bu, sırf Rusiyanın daxili məsələsidir. Sözügedən hadisə əslində Rusiyanın bir ölkə olaraq özünü necə təmsil etdiyini göstərdi. Bu gün həqiqətəndə Rusiyada olirqarxiya bir sistem hökm sürür və bu, ölkə kriminal aləmin qayda-qanunları ilə idarə olunur. Elə Priqojinin aqibəti də bu qayda qanunlarla müəyyən olundu”.

Elvin

“AzPolitika.info”